Başqalarının təsdiqinə ehtiyac duymaq

Tarix: 21:25 29.04.2025
Bugünkü cəmiyyətdə bir çox insan öz dəyərini başqalarının fikirlərinə görə müəyyən edir. Sosial media dövründə bu ehtiyac daha da güclənib.
Mövzu ilə bağlı psixoloq Məleykə İsmayılova “İnformator.az”a açıqlamasında bildirib ki, insanın özünə təsdiq axtarması onun tələbatıdır:
“İnsan ona görə başqalarından təsdiq gözləyir ki, bu, onun normal tələbatıdır. Kiçik yaşlardan bu, belədir. Anamızın bizə hər hansı məsələ ilə bağlı təsdiq verməyini, “afərin” deməyini gözləyirik. Demək olar ki, bunu hamı eşidib. Ancaq anasından təsdiq görməyən, bu kimi sözləri eşitməyən insanlar da var. Həmin insanlar daha çox həyatta digərlərinin təsdiqini gözləyirlər. Bu da bəzən asılı xarakterə malik olan insanlarda olur. Çünki gəldiyi yerdən o dəstəyi almadıqda, həmin təsdiqi başqa yerlərdə axtarmalı olur. Bu, bizim böyüdülmə şəraitimizə, bizə qoyulan dəyərlər sisteminə və tərbiyə sisteminə birbaşa bağlı olan məsələdir. Başqalarının təsdiqindən asılı olan insan mütləq bir terapevtə müraciət etməlidir. Özünüinkişaf proqramlarına qatılmalıdır. Beləcə, özünü daha çox sərbəstləşdirməyə nail ola bilər. Belə insanlar müəyyən nailiyyətlər əldə etdikcə, özlərini təsdiq etdikcə, əksər hallarda özlərini xoşbəxt hiss edə bilirlər”.
Lalə Qurbanlı