"Dəyişikliklərə açıq olmaq"

Tarix: 22:03 29.04.2025
Dəyişikliklər qorxuducu ola bilər, amma həyatın təbii bir hissəsidir. Əgər dəyişikliklərə açıq olsaq, hər yeni vəziyyət bizə yeni imkanlar və inkişaf şansı gətirə bilər. Həyat dəyişikliklərlə zəngindir – onlara qarşı durmaq əvəzinə, onları qəbul etmək və uyğunlaşmaq uzunmüddətli uğurun açarıdır.
Bu mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Fatimə Hacıyeva bildirib ki, dəyişiklik sözü insanın gözündə çox vahiməli, qorxunc görünə bilər:
"Çünki ilk addımı atmaq üçün insan müəyyən tərəddüdlər yaşayır. İnsan doğulduğu andan müəyyən bir yaş dövrünə qədər elə düşünür ki, özünü inkişaf etdirir. Əslində isə bu dövrdə insan yalnız normal fizioloji inkişaf mərhələsindən keçir.
Bir müddətdən sonra insan həyatında dönüş nöqtəsinə gəlir və bu dəyişimi özü dərk edir.
Bunun çətinliyini də insan özü yaşayır, çünki dəyişikliklər insana qorxulu görünə bilər. Amma anlamaq lazımdır ki, bu dəyişikliklər gələcəyə atılan bir addımdır. Təbii ki, bu, bizdə müəyyən narahatlıq yaradır. Amma eyni zamanda başa düşməliyik ki, həyat özü dəyişkəndir və daim yenilənir. Əgər dəyişiklik yoxdursa, deməli, inkişaf da dayanıb.
İnkişafın olmadığı yerdə 30-40 il eyni standart rejimlər davam edir. Bəzən hər şeyin eyni qalmasını istəyirik, çünki bu bizə təhlükəsiz gəlir. Artıq alışdığımız mühit budur. Amma əsl təhlükəsizlik – dəyişikliklərlə üzləşə bilmə bacarığıdır. Əgər eyni vəziyyətdə ilişib qalsaq, bu, təhlükəsizlik deyil".
Psixoloq əlavə edib ki, dəyişikliklər qarşısında daha açıq və hazır olmaq üçün ilk növbədə nəzarəti əlimizdə saxlamalıyıq:
"Bütün detallara tam hakim ola bilmərik, bu aydındır, amma reaksiyalarımızı idarə edə bilərik.
Dəyişiklik baş verəndə kiçik addımlarla başlamaq vacibdir. Məsələn, əgər formada və sağlam bir insan olmaq istəyirsinizsə, bir gündə 100 dəfə bench press etməyə çalışmaq əvəzinə, 10 təkrar ilə başlamaq daha düzgündür. Bu prosesi motivasiya və intizamla idarə etmək lazımdır.
Bununla yanaşı, qəbul etmə bacarığımız da güclü olmalıdır. Hadisələri dəyişdirmədən, olduğu kimi qəbul etməyi öyrənmək vacibdir. Artıq anlamağa başlayırıq ki, dəyişmək bizim xeyrimizədir və bizi irəli aparır. Həyatımızdakı dəyişiklikləri qəbul etmək bizə saysız-hesabsız yeniliklərin qapısını aça bilər. Şəxsi inkişafımız daha da güclənir. Qarşımıza çıxan yeni fürsətlər bizi sevindirən addımlara çevrilə bilər. Və çox vaxt bu addımlar elə o gözlənilməz dəyişikliklərdən sonra meydana çıxır.
Dəyişiklikdən heç vaxt qorxmaq lazım deyil. Bəs niyə? Çünki insan dəyişmədikcə, həyatda bir fərd kimi yerində sayır. Yəni, 40 il ərzində bir insan eyni qalırsa, heç bir dəyişiklik etmirsə — istər müsbət, istər mənfi — bu vəziyyət uzun müddət davam etmir. Heç kim ömrü boyu eyni vəziyyətdə qala bilməz.
Bir gün dəyişiklik qaçılmaz olur. Bəs bu nə vaxt baş verir? Həyatın zərbəsi ilə qarşılaşanda, güvəndiyimiz şeylərin göründüyü kimi olmadığını anlayanda, əmin olduğumuz insanların, işlərin, qaydaların və münasibətlərin əsasında dayanan dəyərlər sarsılanda insan dəyişməyə başlayır.
Çünki indiyə qədər öyrəndiyimiz tərz bu olub. Amma indi vəziyyət dəyişir və biz əvvəlcə məyusluqla üzləşirik. Bu nöqtədə isə, səbəbləri axtarmaq və sonsuz suallar vermək əvəzinə, vəziyyəti fürsətə çevirib dəyişimə doğru addım atmaq daha doğrudur".
Nigar Həsənzadə