Tibb işçilərinin imtahan qaydalarında dəyişiklik olunacaq

Bölmə: Sosial › ,
Tarix: 22:09 29.04.2025

Tibb mütəxəssisləri peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə əvvəllər 5 ildən bir dövri olaraq imtahana cəlb olunurdularsa, indi yeni – davamlı peşəkar inkişaf şəklində yanaşma təklif olunur.

Bu, tibb mütəxəssislərinə – həm həkimlərə, həm orta tibb işçilərinə, həm də əczaçılara şamil olunur. Bu, onlara öz bilik və bacarıqlarını təkmilləşdirmək imkanı verəcək. Sertifikasiya imtahanının qaydalarında və test suallarında da dəyişiklik ediləcək. Sualların yenilənməsi, onların mürəkkəblik dərəcəsinə görə sadə, orta və mürəkkəb olmaqla bölünməsi baxımından da təkmilləşmə gözlənilir.

 

Bu məsələ ilə bağlı tibb eksperti Rasif Bağırov "İnformator.az"a açıqlamasında bildirib ki, əgər tibb işçilərinin imtahanları sadə, orta və mürəkkəb mexanizmlərə bölünsə, hər birinə uyğun maaş tətbiq oluna bilər:

 

"Tibb işçilərinin 5 ildən bir verdiyi sertifikasiya imtahanlarının yenilənməsi, onların hazırlığını daha yüksək səviyyəyə qaldırmaq üçün yaxşı qərardır. Həkimlər və orta tibb işçiləri əvvəllər də 5 ildən bir imtahan verirdilər. Bu, yeni qərar deyil, lakin yeni – davamlı inkişaf prosesi nəzərə alınmaqla praktik bacarıqların yüksəldilməsinə xüsusi diqqət yetirilir.

Sertifikasiya imtahanlarının sadə, orta və mürəkkəb variantlar üzrə keçirilməsi daha məqsədəuyğundur. Əgər tibb işçilərinin imtahanları bu mexanizmlərə əsaslansa, hər bir səviyyəyə uyğun maaş tətbiq edilə bilər. Məsələn, həkimlər ən mürəkkəb imtahanı versələr, həm yüksək maaş alarlar, həm də bu, onların hazırlıq səviyyəsinə müsbət təsir göstərər.

Dəyişikliklərin həyata keçirilməsi üçün dövlət büdcəsindən çox yüksək məbləğdə vəsait ayrılmasına da ehtiyac qalmaya bilər".

 

Xədicə Məhərrəmli