ABŞ-dən hər iki tərəfə çağırış

Tarix: 18:21 30.04.2025
ABŞ Dövlət Departamentinin açıqlamasına görə, Ukrayna ilə bağlı danışıqlarda nəticə əldə olunmasa, ABŞ bu prosesdə vasitəçilik rolundan çəkilə bilər. Dövlət katibi Marko Rubionun sözlərinə görə, artıq hər iki tərəf münaqişəyə son qoymaq üçün konkret təkliflərlə çıxış etməlidir, əks halda qərarı prezident verəcək.
Mövzu ilə bağlı politoloq Asif Nərimanlı "İnformator.az"a açıqlamasında bildirib ki, əslində ABŞ tərəfinin bu yanaşması hər iki tərəfə mesaj xarakteri daşıyır:
"Bu o demək deyil ki, ABŞ Rusiya-Ukrayna münaqişəsinin həllindən geri çəkiləcək. Çünki belə bir şey yaxın dövrdə ABŞ siyasəti üçün uyğun deyil ABŞ çalışır ki, bu münaqişə həll edilsin, burada Rusiya ilə müəyyən bir anlaşma əldə edilsin, Avropa isə geosiyasi proseslərdən kənarda saxlanılsın. Çinlə mübarizədə Rusiyanın neytrallığın təmin etsin. Ukrayna tərəfi Avropaya arxalanaraq ərazi güzəştlərindən imtina edir, Rusiya isə bəllidir ki, tutduğu ərazilərin öz ərazisi kimi tanınmasını istəyir. ABŞ-nin bu münaqişədən geri çəkilməsi hər şeydən əvvəl Rusiyanın maraqlarına ziddir. Çünki Rusiya 3 il ərzində müharibədə kifayət qədər ciddi itki verib. Bura da ABŞ-nin təklif etdiyi sülh planı Rusiya üçün ən böyük qazanclardan biri ola bilər. Çünki bu planda Rusiyaya qarşı sanksiyaların yumşalıması, beynəlxalq təzyiqlərin aradan qaldırılması və s. var. Rusiyanın müharibə başladıqdan bəri ən böyük hədəfi Kiyevə daxil olub Zelenskini devirmək və burada özünə bağlı hakimiyyəti qurmaqdır. Əgər ABŞ oyundan çıxarsa, bu Avropanın Ukraynanı daha çox dəstəkləməsinə səbəb olacaq. Bu da müharobənin davam etməsinə gətirib çıxaracaq. ABŞ-nin irəli sürdüyü şərtlər Ukraynanın əleyhinə olduğu üçün ABŞ-nin geri çəkilməsi onun xeyrinədir. Müharibənin uzanacağı təqdirdə, ABŞ-nin yardımı olmadığı halda Ukraynanın müharibədən hansı nəticəni əldə edəcəyi sual altında qalır. Nəticə əldə etmədiyi müddətdə ABŞ-nin bu münaqişədə qalması həm beynəlxalq müstəvidəki geosiyasi imicinə mənfi təsir göstərir, həm də ABŞ-nin başqa coğrafiyalara diqqət yetirməsinin qarşısını alır".
Billurə Quliyeva