Premyer Liqaya gələn bölgə klubları Bakıda oynayacaq?

Tarix: 20:46 30.04.2025
" "İmişli" və "Karvan"ın Premyer Liqaya yüksəlməsi bir uğurdur. Klublar həm də öz bölgələrini təmsil etmiş olurlar. "Qəbələ" də bölgə komandası olaraq Azərbaycan Premyer Liqasında yüksək nailiyyətlər göstərib. Hətta Avropa Liqasının qrupuna da vəsiqə qazanıb”.
Bu sözləri "İnformator.az"a açıqlamasında "Sportnet.az" saytının baş redaktoru Elşən Məmmədov deyib.
Müsahib qeyd edib ki, "Karvan" ilk dəfə UEFA kubokunda mərhələ keçən komanda olub:
"Onların da yüksək nailiyyətləri, hətta son anda əldən verdiyi çempionatlıqları var. "İmişli" də 2007-ci ildə "İNKT" adı ilə çıxış edərək bir dəfə kubokda iştirak ediblər, təəssüf ki, sonra həmin klub dağıldı. Məsələ buradadır ki, bölgə komandalarımızın sayı artır. Bu müsnəf haldır, lakin həm də bölgə komandasının da bölgələrdə infrastrukturu olmasını təmin etməlidirlər, stadionlar qaydasında olmalıdır, oyun üçün yaxşı şərait olmalıdır və sairə. Bu baxımdan “Qəbələ”nin infrastrukturu çox yaxşıdır. "İmişli" və "Karvan”da isə bu problemlər tezliklə həll oluna bilər. Rəqabətə davam gətirməyə gəldikdə isə AFFA hər il klublara maliyyə yardımları edir. Hazırki mövsum üçün 3 milyon manat nəzərdə tutulub. Gələn mövsüm isə 2,5 milyon manata yaxın olacağı deyilir. Nə qədər yetəcək qədər məbləğ olsa da, rəqabətdə sonuncu olmamaq üçün yetəri qədər deyil. Klubların özünün də müəyyən sponsorları olmalıdır. Hər iki klubun sponsoru var və rəqabət də onların kluba ayıracağı vəsaitə bağlıdır".
Müsahibin sözlərinə görə, vəsait nə qədər yüksək olsa, yaxşıdır, ancaq bu klubun qazanması üçün yetərli deyil:
“Həm də düşünülən idarəçilik də vacib faktordur. Bölgə klublarının liqaya gəlməsi çempionatın səviyyəsinə və maraq dairəsinə yaxşı təsir etməsi üçün həmçinin oyunların bölgələrdə aparılması məqsədəuyğundur. Biz "Araz" və "Naxçıvan"a da bölgə klubu deyirik, halbuki oyunları Bakıda keçirilir, bu müsbət hal deyil. Ancaq bir nüans var. "Qarabağ" Ağdamı təmsil edir və Ağdamda stadion olmadığından oyunların Bakıda keçirilməsi normaldır. Bölgələrdə stadionlar fəaliyyətə buraxılandan sonra isə ayrı ab-hava olacaq. İstər bölgələrə insan axını, istər azərkeşlərin həyacanları fərqli maraq yaradacaq".
Zəhra Möhübbətova