Hindistanla Pakistan arasında hava məkanı gərginliyi

Bölmə: Dünya › ,
Tarix: 20:54 30.04.2025

Hindistan hava məkanını Pakistan təyyarələri üçün bağlamağı planlaşdırır.

 

Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, beynəlxalq ictimaiyyət bu gərginliyi aradan qaldırmaq üçün hərəkətə keçib:

 

“Mübahisəli, hətta belə deyək, Pakistana məxsus Kəşmir vilayətində törədilən terrordan sonra və Hindistan hakimiyyətinin bu terrorun törədilməsində Pakistan dövlətinin əli olduğu barədə məlumat yaydıqdan sonra hər iki dövlət arasında münasibətlərin gərginliyi pik həddə çatıb. Belə ki, həm Hindistan, həm də Pakistan sərhəd zonasına hərbi qüvvələr yerləşdirir. Bildiyimiz kimi, həm Pakistan, həm də Hindistan nüvə silahına malik dövlətlərdir. Hər ikisində nüvə silahlarının sayı təxminən 165-170 arasındadır. Ona görə də beynəlxalq ictimaiyyət bu gərginliyin aradan qaldırılması üçün hərəkətə keçib. Hindistan nəinki qeyri-qanuni olaraq Pakistanın hava məkanını bağlayıb, hətta 1960-cı il razılaşmasına əsasən hər iki dövlət başçısının imzası olan və İnd çayının Pakistana verilməsi ilə əlaqədar olan dörd bəndi də bağlayıb. Əlbəttə ki, bu bəndlərin bağlanması Hindistan və Pakistan arasında olan münasibətlərin gərginliyindən xəbər verir və Pakistan əhalisini çətin vəziyyətə salır. Belə ki, İnd çayının həmin dörd bəndindən gələn sudan Pakistan əhalisi həm içməli su kimi, həm də tarlaların suvarılması üçün istifadə edir.

 

İki nüvə dövləti arasında yaranmış gərginlik beynəlxalq ictimaiyyəti ciddi şəkildə narahat edir. Azərbaycanın qonşusu, dostu və qardaşı olan Pakistanın belə bir vəziyyətdə olması həmçinin Hindistanın Pakistana qarşı qeyri-adekvat addımlar atması qəbuledilməzdir. İnd çayına aid olan dörd su bəndinin bağlanması və eyni zamanda Hindistanın Pakistan üçün hava məkanını bağlaması, əlbəttə ki, arzulanmaz bir vəziyyətdir. Bu addımlar beynəlxalq hüquq normalarına ziddir və şübhəsiz ki, pislənilməlidir".

 

Səyyarə Mirzəyeva