Bakıya gələn Netanyahuya Türkiyədən böyük jest

Bölmə: Siyasət › ,
Tarix: 20:57 30.04.2025

 

Türkiyə may ayında Azərbaycana gözlənilən səfəri zamanı İsrail Baş naziri Benyamin Netanyahunun təyyarəsinin hava məkanından keçməsinə icazə verib. Bu barədə “Azerbaijani-İsraeli Alliance Global Nyus” məlumat yayıb.

 

“Bu, Azərbaycanın İsrail və Türkiyə arasında gərginliyin azaldılmasına yönəlmiş vasitəçiliyinin kiçik, lakin simvolik uğurunu ifadə edir”, - məlumatda qeyd olunub.

 

Mövzu ilə bağlı siyasi şərhçi Polad Mehdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan Yaxın Şərqdəki proseslərlə bağlı əhəmiyyətli rola malikdir:

 

“Məlumdur ki, bu gün dünyada maraqların toqquşduğu qaynar nöqtələrdən biri də Yaxın Şərqdir. Yaxın Şərqin iki regional gücü- Türkiyə və İsrail Azərbaycanla ayrılıqda müttəfiqlik münasibətləri olan dövlətlərdir. Bu baxımdan Azərbaycanın Yaxın Şərqdəki proseslərlə bağlı əhəmiyyətli rolu var. Azərbaycanın maraqları üçün, o cümlədən Yaxın Şərqdəki proseslərin tənzimlənməsi üçün Türkiyə və İsrailin münasibətlərinin formalaşması, müsbət yöndə irəliləməsi, düşmən mövqeyindən çıxması olduqca vacibdir. Bu baxımdan, Azərbaycanla münasibəti olan iki tərəfdaş arasında bundan əvvəlki dövrdə də, cənab prezident İlham Əliyevin də dediyi kimi Azərbaycan vasitəçilik rolu oynuyub və münasibətlərin tənzimlənməsində öz töhfəsini verib. Hazırda Yaxın Şərqdə İsrailin Qəzzaya qarşı hərəkətlərinə görə Türkiyə-İsrail münasibətlərinin pozulduğunun şahidi oluruq. Lakin bu münasibətlərin bərpası üçün Azərbaycanın rolu da əhəmiyyətlidir. Hazırda təyyarə məsələsi ilə bağlı İsrailin baş nazirinin Azərbaycana Türkiyə üzərindən keçib gəlməsini xırda da olsa, müsbət addım kimi dəyərləndirə bilərik. Burada əsas məsələ Azərbaycanın töhfəsidir. Ümid edirəm ki, bu məsələdə Azərbaycanın maraqlarına uyğun münasibətlər qurulacaq”.

 

 

Lalə Qurbanlı