Azərbaycan və İran arasında yeni bir dövrün başlanğıcı

Bölmə: Siyasət › ,
Tarix: 22:28 01.05.2025

Dünənə kimi bağlı olan qapılar açıldı və konkret səmimiyyəti hər iki dövlətin prezidenti bəyan etdi” .

 

Bu sözləri "İnformator.az" saytına açıqlamasında politoloq Natiq Miri deyib.

 

O bildirib ki, İran indiki vəziyyətdə çox ciddi iqtisadi sanksiyalar altında əzilir. Bu hadisə həm iqtisadi, həm də sosial problemlər yaradır və təbii olaraq cəmiyyətdə etirazlarla qarşılanır:

 

" Bu baxımdan Məsud Pazeşkianın yenidən prezident seçilməsindən sonra bütün qonşu ölkələrlə normal dostluq və əməkdaşlıq münasibətlərinin yaradılması prioritet hesab olunur və regionda, xüsusilə də Cənubi Qafqazda ən güclü, strateji dövlət olan Azərbaycanla münasibətlər İran üçün xüsusi önəm daşıyır. Xüsusilə də nəzərə alsaq ki, Məsud Pazeşkian bir Azərbaycan türküdür.

 

Azərbaycan–İran münasibətləri açığı uzun illərdir ki, zirvədə deyil, yəni yüksək səviyyədə inkişaf etməyib. Zaman-zaman İranın müxtəlif təxribatları ilə bu münasibətlər gərginləşib, hətta hədələyici notlar və güc nümayişi də olub. İndiki vəziyyətdə isə Məsud Pazeşkian bütün bu gərgin müstəvini aradan qaldırmaq və münasibətləri müsbət mənada zirvəyə daşımaq siyasətinə üstünlük verir və Bakı səfəri də təxminən bu kontekstdə dəyərləndirilməlidir. Məsud Pazeşkianın Bakı səfərindəki Azərbaycan Prezidentinə yönəlik bəzi mənəvi nöqteyi-nəzərdən yaxınlıq çağırışları, “qardaşım” deyə müraciət etməsi, iki dövlət arasında olan buzların əridilməsinə hesablanıb. Ona görə də iqtisadi, siyasi, nəqliyyat, kommunikasiya, humanitar, mədəni və digər sahələr üzrə potensial mümkün olan əməkdaşlığı daha da dərinləşdirmək xarakteri daşıyırdı.

 

Bilirsiniz ki, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror hadisəsi törədilib və bu, iki dövlət arasında etimadı sarsıdacaq çox ciddi bir təxribat hadisəsi idi. Bu günə qədər bu məsələ tamamilə açıqlanmayıb, cinayətkar cəzasını almayıb, verilən qərar isə icra olunmayıb. Bu, əlbəttə ki, qarşılıqlı etimad məsələsində çox ciddi əngəl yaradan məsələdir. Bu baxımdan iki qonşu arasında əməkdaşlıq imkanlarını artıra bilmək üçün öncəliklə qarşılıqlı etimada və bununla bağlı konkret görülə biləcək əməli fəaliyyətə ehtiyac var. Hələlik İran bu yöndə addım atmayıb və Məsud bəyin Azərbaycana səfər çərçivəsində dedikləri də yalnız sözdən ibarətdir. Azərbaycan üçün inandırıcı əməli fəaliyyət olmalıdır ki, Azərbaycan bundan sonrakı proseslərə tam əmin olsun. Ona görə də indiki vəziyyətdə prioritet olaraq fikir verirsinizsə, əsas nəqliyyat və kommunikasiya məsələlərinə üstünlük verilir. Bir tərəfdə Şimal-Cənub dəhlizi layihəsi, başqa bir tərəfdən Zəngilandan İrana dəmiryol xəttinin çəkilməsi nəzərdə tutulur ki, bu da Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirə biləcək yeni nəqliyyat kommunikasiya sistemini yaradacaq. Hələlik üstünlük bu sahədədir”.

 

Müsahibimiz sözlərində qeyd edib ki , Məsud Pazeşkian ilə bildirdi ki, ölkələrin ərazi bütövlüyü və suverenliyi qorunduğu təqdirdə Zəngəzur dəhlizi İran üçün heç bir problem yaratmayacaq, yəni açıla bilər:

 

"Bu da o deməkdir ki, Zəngəzur dəhlizi statusunda açıldığı təqdirdə İran, İranla Ermənistanın mövcud quru sərhəddinin birdəfəlik bağlanmasından narahatdır. Ayrıca, İran rəhbərliyi, o cümlədən prezident Pazeşkian da nəqliyyat kommunikasiyasının İran ərazisindən Araz boyu çəkilməsində maraqlıdır. Yəni burada sadəcə məqsəd Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirmək deyil, həm də kommunikasiya sisteminin beynəlxalq tranzit səviyyəsində fəaliyyət göstərməsidir. Çünki İran bu səbəbdən böyük maliyyələr qazanacaq və İranın təsir imkanlarını, strateji geosiyasi əhəmiyyətini artıracaq”.

 

Ayan Əsgərova