İranın tranzit təşəbbüsü: Azərbaycanın qazancı

Bölmə: İqtisadiyyat › ,
Tarix: 21:03 05.05.2025

 

İran, regional nəqliyyat əməkdaşlığını genişləndirmək məqsədilə Azərbaycan və Gürcüstana TRACECA proqramı çərçivəsində yeni tranzit dəhlizi yaratmağı təklif edib. Bu təşəbbüs Avropa-Qafqaz-Asiya nəqliyyat əlaqələrinin gücləndirilməsinə xidmət edir.

 

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli "İnformator.az"a açıqlamasında bildirib ki, bu cür tranzit dəhlizlərin hansı ölkədən hansı ölkəyə keçməsindən asılı olmayaraq, Azərbaycanın maraqlarına uyğundur.Çünki bu dəhlizlər Azərbaycan ərazisindən keçdikdə, birinci növbədə ölkəyə bir sıra üstünlüklər qazandırır:

 

"Məsələn, Azərbaycan-Gürcüstan arasında olan yükləşmələrlə yanaşı, həmçinin Orta Dəhliz, Şimal-Cənub nəqliyyat dəhlizi və digər adlarla tanınan marşrutlar mövcuddur.Bu dəhlizlərin hər birinin inkişafı Azərbaycanın birbaşa maraqlarına xidmət edir. Bunun xeyri nədən ibarətdir? Birincisi, tranzit imkanlarının genişlənməsi tranzit gəlirləri yaradır.Ölkəyə daxil olan və keçən nəqliyyat vasitələri müxtəlif rüsumlar ödəyirlər. İkinci məsələ isə bu dəhlizlərin aktivləşməsi ölkəmizlə digər ölkələr arasında daha intensiv iqtisadi əlaqələrin qurulmasına səbəb olur və bu, yerli sahibkarlarımıza da müsbət təsir edir.Çünki biz də idxal-ixrac əməliyyatları həyata keçiririk.Nə qədər çox tranzit ölkəmizdən keçirsə, yerli sahibkarlar üçün də daşınma xərcləri bir o qədər azalacaq.Üçüncü məsələ, bu çərçivədə iqtisadi aktivlik artır, iqtisadi artımı dəstəkləyir.Bu baxımdan bir neçə sahədə müsbət təsirləri mümkündür, həm də bəzi neqativ halları da nəzərdən keçirmək olar ".

 

Ekspert həmçinin bildirib ki, onsuz da bizim İranla, Gürcüstanla ticarət əlaqələrimiz mövcuddur:

 

"Mən xüsusi olaraq düşünmürəm ki, bu məsələlər əhəmiyyətli bir təsir yaradacaq. Təbii ki, hər şey müəyyən qədər təsir göstərir, müsbət yönləri olacaq. Amma bu məsələnin ciddi və əsaslı dəyişikliyə səbəb olacağını düşünmürəm. Tranzit marşrutlar arasında rəqabət yarana bilərmi? Xeyr, qətiyyən belə bir məsələ yoxdur. Nə Şimal-Cənub dəhlizində, nə Bakı-Tbilisi-Qars xəttində bu cür rəqabət məsələsi gündəmdə deyil. Bunlar bir-birini tamamlayan marşrutlardır. Sadəcə olaraq, məsələn, Bakı-Tbilisi-Qars dəmir yolu hələ də tam gücü ilə fəaliyyət göstərmir. Bakı-Tbilisi-Qars həmçinin Çindən daşımaları həyata keçirməlidir, amma hazırda tam yüklə işləmir. Əgər Zəngəzur dəhlizi açılarsa, o zaman Bakı-Tbilisi-Qars dəhlizi ilə müəyyən rəqabət baş verə bilər. Sahibkarlar Zəngəzur və ya Araz dəhlizlərinə üstünlük verə bilərlər. Lakin Bakı-Tbilisi-Qars marşrutu ilə İran, Azərbaycan və Gürcüstan arasındakı məsələlərin birbaşa əlaqəsi yoxdur. Şimal-Cənub dəhlizində isə Hindistandan, Bəndər-Abbas limanından gələn yüklər İran üzərindən keçərək Azərbaycan vasitəsilə Rusiyaya çatdırılır. Eyni şəkildə, Çin və Hindistandan gələn yüklər Bəndər-Abbasdan keçərək İran və Azərbaycan üzərindən ötürülür. Bu da onların qarşısında problem yaratmır və əlavə imkanlar açır".

 

Güllər Gülhüseynova