“Centrum Air” Bakıdan Daşkəndə birbaşa uçuşlara başlayıb

Bölmə: Sosial › ,
Tarix: 21:20 06.05.2025

2025-ci il 5 may tarixində Özbəkistanın “Centrum Air” aviaşirkəti Bakı–Daşkənd marşrutu üzrə müntəzəm birbaşa reyslərin icrasına başlayıb.

 

Mövzu ilə bağlı “Azərbaycan Hava Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilova “İnformator.az”a açıqlamasında bildirib ki, reyslər həftədə bir dəfə həyata keçiriləcək:

 

“Bununla bağlı məlumat artıq dərc olunub. Uçuşlar hər həftənin bazar ertəsi günü müasir və rahat Airbus A320 təyyarələri ilə yerinə yetirilir. Məşhur marşrut üzrə yeni aviadaşıyıcının olması bazarımıza artan marağı təsdiq edir və Azərbaycan ilə Özbəkistan arasında nəqliyyat əlaqələrini gücləndirir.

 

Qeyd edək ki, Bakı–Daşkənd istiqaməti artıq Heydər Əliyev Beynəlxalq Aeroportunun marşrut şəbəkəsində mövcuddur. “Centrum Air”in də bu xəttə daxil olması sərnişinlər üçün əlavə tezlik və seçim imkanı yaradacaq”.

 

Müsahibimiz “Centrum Air”in uçuş cədvəlini də bizə təqdim etdi:

 

"Bakı → Daşkənd: Uçuş saat 19:20, eniş saat 22:50

Daşkənd → Bakı: Uçuş saat 16:15, eniş saat 18:20"

 

Çimnaz Telmanqızı