Heydər Əliyevin 102 illik yubileyinə həsr olunan konsert proqramı

Tarix: 22:04 06.05.2025
6 may 2025-ci il tarixində Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin 102 illik yubileyinə həsr olunan, gənc musiqiçilərin ifasında Ulu Öndərin sevdiyi musiqi əsərlərindən ibarət xüsusi konsert proqramı təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndərin, Vətən müharibəsi qəhrəmanlarının ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.
Çıxış üçün ilk söz Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktor vəzifəsini icra edən Qədir Xəlilova verilib. O, çıxışında Ulu Öndərin irsinin öyrənilməsinin vacibliyini vurğulayıb və bildirib ki, onun həyat yolu uzun illər araşdırılmasına baxmayaraq, bundan sonra da geniş şəkildə tədqiq olunacaq. Həmçinin qeyd edib ki, bu cür silsilə tədbirlərin, görüşlərin və mədəni proqramların təşkili olduqca önəmlidir. Belə tədbirlərdə Ulu Öndərin sevdiyi mahnıların gənclərə aşılanması əsas məqsədlərdəndir.
"Ulu Öndər irsi dedikdə, ölkəmizdə mümkün olan bütün məsələlərdə, bütün sahələrdə biz onun imzasını görürük", – deyə Qədir Xəlilov əlavə edib. O, çıxışını belə davam etdirib: "Azərbaycan gənci həm cəbhədə, həm də mədəni sahədə öndədir. Bir sözlə, Azərbaycan gənci hər sahədə söz deməyə layiqdir".
O, çıxışını Azərbaycan gəncinə olan inamla tamamlayıb: "Azərbaycan gənci qələbəni, bu suveren hüquq dövlətini qoruyacaq və Azərbaycan gənci bu ölkənin döyünən ürəyidir. Biz birlikdə güclüyük!"
Daha sonra bədii hissəyə keçid edilib. İnklüziv dostlarımız Ulu Öndərin sevdiyi mahnıları səsləndiriblər. "Küçələrə su səpmişəm", "Qarabağ", "Ala göz" kimi mahnılar onların ifasında təqdim olunub. Elvin Məmmədov və ansamblı, "Azəri İncələri" qrupu, "Dalğa" rəqs ansamblı da öz çıxışları ilə tədbiri yadda qalan ediblər. Sonda isə sürpriz qonaqlar tədbiri daha da maraqlı edib.
Xalq artisti Zaur Rzayevin ifasında səslənən "Can Azərbaycan" mahnısı gənclərdə xoş hisslər yaradıb. Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Aynurə Ələkbərli də bu tədbirin əhəmiyyətindən və Azərbaycan könüllülərinin buradakı rolundan danışıb. Daha sonra digər sürpriz qonaq Günay İbrahimli vətənpərvər ifası ilə tədbirin coşqusunu artırıb və gənclərin vətən sevgisini daha da alovlandırıb.
Nigar Həsənzadə