Azərbaycan və Vyetnam arasında iqtisadi əməkdaşlıq genişlənir

Tarix: 22:55 06.05.2025
"Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir",- bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibəsində söyləyib.
“2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Sözsüz ki, bu göstəricini gələcəkdə artırmaq üçün potensialımız mövcuddur”, – deyə dövlət başçısı bildirib və ölkələrimizin neft sahəsində də qarşılıqlı fəaliyyət göstərdiklərini vurğulayıb.
Məsələ ilə bağlı iqtisadçı Elşad Məmmədov “İnformator.az”a açıqlamasında bildirib ki, iki ölkə arasındakı konstruktiv münasibətlərin dərinləşməsi fonunda yaxın zamanda Azərbaycan–Vyetnam arasında iqtisadi əlaqələrin daha da genişlənməsinin şahidi ola bilərik:
“Azərbaycanla Vyetnam arasında 2024-cü ildə qeydə alınmış qarşılıqlı ticarət dövriyyəsinin həcmi potensialdan xeyli uzaqdır. Nəzərə almaq lazımdır ki, Asiya qitəsi dünya iqtisadiyyatındakı müsbət trendlərin əsas mərkəzlərindən biri kimi çıxış edir. Azərbaycanın da iqtisadi potensialını nəzərə alaraq, yüksək innovativ tutumlu investisiyaların reallaşdırılması və insan kapitalına yönəlik əlavə dəyər tutumlu sahələrdə inkişaf təmin olunarsa, qarşılıqlı iqtisadi əlaqələr xeyli genişlənə bilər. Neft emalı üzrə yüksək texnoloji tutuma malik sahələrdə də böyük imkanlar mövcuddur. Prezident İlham Əliyevin Asiya ölkələri ilə ticari-iqtisadi əlaqələrin genişlənməsinə yönəlik siyasəti olduqca məqsədəuyğundur. Bu siyasətin davam etdirilməsi vacibdir, çünki bu, Azərbaycanın rəqabət üstünlüklərinin artırılmasına mühüm təkan verməlidir".
Fatimə Şahverdiyeva