Sağlamlığın aynası olan dəyişikliklərə diqqət!

Bölmə: Maraqlı › ,
Tarix: 20:53 14.05.2025

 

Dırnaqlar insan orqanizminin sağlamlığı haqqında mühüm məlumat verən hissələrdən biridir. Onlar keratindən ibarət sərt lövhələr olub, barmaqların uclarını qoruma funksiyasını yerinə yetirirlər. Lakin bəzi hallarda müxtəlif xəstəliklər, infeksiyalar, travmalar və ya qida çatışmazlıqları nəticəsində dırnaqlarda dəyişikliklər müşahidə oluna bilər. Bu dəyişikliklər dırnağın forması, rəngi, qalınlığı və səthindəki anormallıqlarla özünü göstərə bilər. Dırnaq xəstəlikləri həm estetik narahatlıq yarada, həm də daha ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər. Bu səbəbdən dırnaqlarda baş verən hər bir dəyişiklik diqqətlə qiymətləndirilməlidir.

 

Mövzu ilə bağlı dermatoloq Tünzalə Əzizli "İnformator.az"a açıqlamasında bildirib ki, çox sayda dırnaq xəstəliyi mövcuddur və bunların bəziləri bədxassəli xəstəliklərdir. Vaxtında müalicə aparılmadıqda xəstəliyin yayılma ehtimalı artır. Ona görə də bu hallar baş verdikdə həkim məsləhəti ilə müalicə almaq daha doğrudur:

 

“Dermatologiyada çox sayda dırnaq xəstəliyi mövcuddur. Amma bunların ən böyük hissəsini çox geniş yayılmış onikomikoz – göbələk xəstəliyi təşkil edir. Bu dırnaq göbələyi olduqca çətin müalicə olunan bir xəstəlikdir. Müalicəsi uzunmüddətli olur və, təbii ki, dermatoloqlar tərəfindən aparılmalıdır. İnsanlar evdə özləri təbii üsullarla və ya bilinməyən dərmanlarla bunu etməməlidirlər. Çünki bu halda vəziyyət daha da ağırlaşır və onlar yalnız o zaman dermatoloqa müraciət edirlər. Halbuki, normal halda şikayət yarandığı ilk gündən həkimə getmək və müvafiq analizləri vermək lazımdır. Daha sonra həkim məsləhəti ilə müalicəyə başlanmalıdır.”

 

Ekspert bu xəstəliyin yaranma səbəblərindən də danışıb:

 

“Göbələk xəstəliklərinin yaranma səbəbləri çoxdur. Orqanizmin immun sistemi burada əsas rol oynayır. Xüsusilə, dırnaq xəstəliklərində geyinilən ayaqqabıların keyfiyyəti çox vacibdir. İstifadə olunan geyimlərin keyfiyyəti də mühüm rol oynayır. Bundan başqa, göbələklər su vasitəsilə, digər insanların əşyaları ilə, hətta təmas yolu ilə də yoluxa bilər. Bu hallara hər zaman diqqət edilməlidir.

Əgər dırnaqlarda rəng dəyişikliyi – sarıdan yaşıl rəngə doğru keçid müşahidə olunursa, bu, daha çox göbələk xəstəliyinin əlaməti ola bilər. Amma dırnaqların rəngində tündləşmə, qaralma müşahidə olunursa, bu hallar daha çox bədxassəli dırnaq xəstəliklərinə işarədir. Hər biri mütləq şəkildə dermatoloq tərəfindən yoxlanmalı və müalicə olunmalıdır.”

 

Nəzrin Məmmədova