“Azərbaycanla Pakistan arasında əlaqələr inkişaf edir”-ŞƏRH

Tarix: 22:13 14.05.2025
Azərbaycanla Pakistan hökumətləri arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq sazişi təsdiq edilir.
Bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və Pakistan arasında əməkdaşlığın ticarət hissəsi o qədər də güclü deyil:
“Ticarət dövriyyəmiz azdır. Son vaxtlar yeni müqavilələr bağlanır. Azərbaycanın Pakistana təqribən 2 milyard dollara yaxın investisiyası olacaq. Bundan başqa, Pakistanın Azərbaycan məhsulları üçün rüsumların azaldılması gözlənilir. Azərbaycan da Pakistan məhsulları üçün rüsumu azalda bilər. Qarşılıqlı investisiya layihələri müzakirə olunur”.
Ekspert qeyd edir ki, Azərbaycanla Pakistan arasında həm siyasi, həm iqtisadi əlaqələr artan xətlə inkişaf edir:
“Bu, hər iki ölkənin maraqlarına uyğundur. Amma logistik və yükdaşımalarla bağlı problemlər də var. Gələcəkdə Pakistanın Azərbaycanın da iştirakçısı olduğu beynəlxalq nəqliyyat və logistika layihələrində iştirakı müzakirə olunur”.
Nuray Əliyeva