İstanbulda Görüş və Gözləntilər

Bölmə: Siyasət › ,
Tarix: 20:29 16.05.2025

Əgər İstanbuldakı danışıqlar nəticə verməsə, Kiyev tərəfdaşlarından Rusiyaya qarşı daha təsirli sanksiyalar gözləyir. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bildirib. Zelenski vurğulayıb ki, Ukrayna yalnız təhlükəsizlik zəmanətləri və beynəlxalq razılaşmalara riayət olunmaqla ədalətli sülhə razı olacaq.

 

 

Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü və siyasi şərhçi Əli Zülfüqaroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, İstanbulda atəşkəslə bağlı razılığın əldə olunmaması halında Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq oluna bilər:

 

"Amerika Birləşmiş Ştatlarının (ABŞ) mövqeyi ondan ibarətdir ki, Rusiya işğal olunan əraziləri de-fakto qəbul edir. Eyni zamanda, ABŞ Ukraynaya da bu əraziləri de-fakto tanımağı tövsiyə edir. Lakin hüquqi baxımdan bu ərazilərin tanınması məsələsi gündəmdə deyil. ABŞ təhlükəsizlik zəmanəti verməkdən imtina etsə də, Ukrayna ilə imzalanmış faydalı qazıntılarla bağlı saziş faktiki olaraq Ukraynanın işğal edilməmiş ərazilərinə müəyyən zəmanət verilməsi anlamına gəlir. Ukrayna isə rəsmi təhlükəsizlik zəmanəti tələb edir. Təbii ki, Rusiya bu yanaşma ilə razılaşmır. Rusiyanın mövqeyinə görə, Ukrayna Moskvanın irəli sürdüyü şərtləri qəbul etməlidir. Rusiya de-fakto işğal etdiyi ərazilərin — Xerson, Donetsk, Luqansk və Zaporojye — de-yure, yəni hüquqi baxımdan da Rusiya ərazisi kimi tanınmasını tələb edir. Krımın isə müzakirə mövzusu olmasını Rusiya qətiyyətlə rədd edir. Belə bir vəziyyətdə təhlükəsizlik zəmanəti olmadan atəşkəslə bağlı razılığın əldə olunması çətin görünür. Digər tərəfdən, ABŞ Rusiyaya ciddi təzyiqlər göstərir. Bu baxımdan, Ukraynanın kompromisə getmək ehtimalı yüksək qiymətləndirilir. Rusiya tərəfinin atəşkəs məsələsinə maksimalist yanaşması ABŞ-də narazılıqla qarşılanır. Vaşinqton Moskvanı bu mövqedən geri çəkilməyə çağırır. Bu istiqamətdə ABŞ-nin hazırkı prezidenti Donald Tramp da bir sıra bəyanatlar verərək bildirib ki, əks halda ABŞ Ukraynaya dəstəyini artıracaq, həmçinin Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar paketi tətbiq oluna bilər. Bu isə Rusiya üçün ciddi iqtisadi və siyasi nəticələr doğura bilər".

 

Siyasi şərhçi əlavə edib ki, hazırkı mərhələdə hər iki tərəf maksimalist mövqe ortaya qoyaraq danışıqlarda daha çox güzəşt əldə etməyə çalışır:

 

 

"Bu isə Türkiyənin rolu və mövqeyini daha da ön plana çıxarır. Türkiyə hər iki tərəf üçün qəbul olunan bir vasitəçi kimi çıxış edir və münaqişənin dayandırılması üçün obyektiv, səmimi mövqe nümayiş etdirir. Müharibənin ilk günlərindən etibarən Türkiyə açıq şəkildə bildirdi ki, bu qarşıdurma həm Ukrayna, həm də Rusiya üçün ciddi zərərlər doğuracaq. Bu səbəbdən, Türkiyə ABŞ və Avropa İttifaqının təsiri altına düşməmək barədə Ukraynanı xəbərdar etmiş, müstəqil mövqe nümayiş etdirib. İstanbulda keçirilən danışıqlar sülh üçün müəyyən ümidlər yaratdı. Lakin Böyük Britaniyanın sabiq baş naziri Boris Conson və ABŞ Prezidenti Co Baydenin mövqeyi bu prosesi pozmuş, nəticədə daha mürəkkəb və dərinləşmiş bir münaqişə meydana gəldi. Burada ən çox itirən tərəf şübhəsiz ki, Ukrayna oldu. Hazırda Türkiyənin təqdim etdiyi sülh təklifi həm Rusiya, həm də Ukrayna tərəfindən qəbul olunub. Bu baxımdan, İstanbul görüşü çərçivəsində atəşkəslə bağlı razılığın əldə olunması üçün real perspektivlər mövcuddur".

 

Aytən Ağazadə