Lavrov :XİN rəhbərləri Bakıda görüşsün

Tarix: 20:50 21.05.2025
Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti görüşün keçirilməsi planlaşdırılır.
Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında məlumat verib.
Lavrov bildirib ki, Rusiya “3+3” formatında təşkil olunacaq növbəti iki görüşün Azərbaycan və Ermənistanda keçirilməsini təklif edir.
Qeyd edək ki, “3+3” regional əməkdaşlıq formatı Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İranı əhatə edir.
Mövzu ilə bağlı siyasi analitik Elçin Alıoğlu “ İnformator.az ”a açıqlamasında bildirib ki, 3+3 formatının dayanıqlılığı hələlik şübhə altındadır:
“Hazırda 3+3 əməkdaşlıq formatının davamlı və sabit bir modelə çevrilməsi sual altındadır. Bu formatda Gürcüstanın iştirak ehtimalı olduqca az görünür. Gürcüstan, ərazi bütövlüyünü pozaraq Cənubi Osetiya və Abxaziyanı işğal etmiş Rusiya ilə eyni masada oturmağa hazır deyil.
Digər tərəfdən isə Rusiya, Azərbaycan və İran arasında son dövrlərdə münasibətlərin normallaşması, eləcə də Azərbaycanın region dövlətləri və subregional aktorlarla əlaqələri daha aktiv şəkildə inkişaf etdirməsi, regional sülhün dayanıqlı və sabit bir müstəviyə keçməsi üçün Bakının irəli sürdüyü təşəbbüsləri daha praqmatik və real edir”.
Siyasi analitik əlavə edib ki, Azərbaycan üçün 3+3 formatının müəyyən riskləri və çağırışları olsa da, onların sayı çox deyil:
“ Bu çətinliklərə ilk növbədə Rusiya-Gürcüstan, Türkiyə-İran, eləcə də Türkiyə-Rusiya münasibətlərindəki gərginliklər daxildir.
Bununla belə, formatın üstünlükləri daha çoxdur. Azərbaycan bu danışıqlarda fəal iştirak edərsə, regionda qalıcı, davamlı və sabit sülhün təmin olunmasına töhfə verə, həmçinin regional əməkdaşlıqdan ciddi faydalar əldə edə bilər”.
Mahmudlu Ləman