Portuqaliya miqrasiya siyasətini sərtləşdirir

Tarix: 13:20 17.07.2025
Portuqaliya parlamenti son illərdə ölkə üçün problemə çevrilmiş miqrasiyaya qarşı tədbirlərin gücləndirilməsini nəzərdə tutan qanun paketini təsdiqləyib.
Məsələ ilə bağlı siyasi şərhçi Müşfiq Abdulla “İnformator.az”a açıqlamasında bildirib ki, Portuqaliyadan immiqrantlara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məsələsinə əslində, daha geniş kontekstdə baxmaq lazımdır:
“Yəni Portuqaliya parlamentinin miqrasiya qanunvericiliyini sərtləşdirməsi bütün dünyada, o cümlədən Avropa İttifaqında miqrantlara qarşı mübarizə hallarının artması ilə bağlıdır. Bu baxımdan, Portuqaliyada sərt miqrasiya siyasətinə keçməsi Avropa İttifaqının tələbidir.
Yeni qaydalara əsasən, Portuqaliyada iş axtarmaq üçün vizalar artıq yalnız yüksək ixtisaslı miqrantlara veriləcək və ailənin birləşməsi üçün şərtləri daha da sərtləşdiriləcək. Bundan sonra Portuqaliyada ən böyük miqrant qrupunu təşkil edən braziliyalılar ölkəyə gəldikdən sonra statuslarını leqallaşdırmağa icazə verən əvvəlki qaydalardan yararlana bilməyəcəklər. Portuqaliya parlamenti qeyri-qanuni immiqrasiya ilə mübarizə və qeyri-qanuni miqrantların deportasiyasının təşkilinə cavabdeh olacaq yeni polis bölməsinin yaradılmasına səs verib.
Portuqaliya Prezident Administrasiyasından verilən məlumata görə, ilkin mərhələdə təxminən 18 000 insanın ölkədən çıxarılması baş verəcək. Avropa İttifaqının verdiyi statistik məlumata görə, 2024-cü il yanvarın 1-də Portuqaliyada 1,3 milyondan çox üçüncü ölkə vətəndaşı yaşayıb ki, bu da Portuqaliya əhalisinin 12,4 faizinə bərabərdir. Hazırda immiqrantların sayının 1,6 milyona çatdığına dair məlumatlar var.
Ümumiyyətlə, Portuqaliyada immiqrant əhalinin sayının son illər sürətlə artması müşahidə olunur. 2023-cü ildə immiqrantların sayı bir milyon nəfəri ötüb ki, bu da dövlət qulluğu sisteminə əhəmiyyətli yüklənmə yaradıb. Miqrantların sayının artması təhsil sisteminin yükünün artması ilə müşayiət olunub. Miqrant tələbələrin sayı 5 ildə 160 faiz artaraq 140 000 nəfərə çatıb.
Bundan sonra immiqrantlar yalnız xüsusi viza əsasında Portuqaliyada işləyə biləcəklər. Sənədləri Avropa İttifaqının qanunvericilik tələblərinə cavab verməyən əcnəbilər Portuqaliyada işləyə bilməyəcək".
Müsahibimizin sözlərinə görə, Avropa İttifaqı ərazisində vətəndaşlığı olmayan əcnəbilər üçün Portuqaliyada iş tapmaq daha çətin olacaq:
"Çünki bu kateqoriyadan olan əcnəbilər əvvəlcə iş tapıb müqavilə bağlamalı, sonra viza üçün müraciət etməlidirlər. Yaşayış icazəsi verilməmiş əcnəbilər, Şengen zonasına giriş qadağası olan şəxslər, Avropa İttifaqının ərazisinə girişi qadağan edilmiş insanlar, işlərinə baxılması üçün zəruri sənədləri təqdim etməyən vətəndaşlar, miqrasiya qanunvericiliyini pozan əcnəbilər Portuqaliyada əmək fəaliyyəti ilə məşğul olmaq hüququ qazana bilməyəcək. Yüksək ixtisaslı mütəxəssislərin və ya yüksək tələbat olan sənaye sahələrində çalışanların Portuqaliyada iş tapmaq şansları yüksək olacaq. Portuqaliya hakimiyyəti bununla həm də ölkədə işsizlik probleminin həllinə nail olmaq istəyir”.
Çimnaz Telmanqızı