Azərbaycanla Vyetnam arasında Fəaliyyət Planı qəbul olunub

Bölmə: Siyasət › ,
Tarix: 15:10 17.07.2025

Azərbaycanla Vyetnam arasında 2025–2027-ci illəri əhatə edən Fəaliyyət Planı qəbul olunub. Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

 

“Hanoyda Vyetnamın sənaye və ticarət naziri Nguyen Hong Dien ilə qarşılıqlı etimad və dostluq mühitində ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafına dair səmərəli müzakirələr apardıq. Həmsədrliyimizlə keçirilən Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyanın 3-cü iclası isə ticarət-iqtisadi əməkdaşlığımızın strateji tərəfdaşlıq əsasında möhkəmlənməsinə xidmət edəcək və 2025–2027-ci illəri əhatə edən, 17 istiqamət üzrə 58 tədbirin həyata keçirilməsini nəzərdə tutan Fəaliyyət Planının qəbulu ilə məhsuldar şəkildə yekunlaşdı", - deyə nazir qeyd edib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elçin Xalidbəyli bildirib ki, Azərbaycan və Vyetnam arasında Fəaliyyət Planının qəbul olunması kifayət qədər perspektivli bir addımdır:

 

"Azərbaycan hazırda çoxvektorlu xarici siyasət yürüdür. Azərbaycan balans siyasətindən nisbətən imtina etməyə başlayıb. Çünki Azərbaycanın xarici siyasət kursu yalnız milli maraqlara indeksləşib. Bakı Rusiya faktorunu xarici siyasətində əsas faktor hesab etməkdən imtina edib. Bu, Azərbaycan üçün xarici siyasətin və digər əməkdaşlıqların məhdudlaşdırılmasına yol açıb. Rəsmi Bakı bütün istiqamətlər üzrə bərabərhüquqlu münasibətlərə üstünlük verib. Azərbaycanın hazırda Rusiya ilə münasibətləri korlansa da, Avropa Birliyi ölkələri ilə enerji sahəsində çox yaxından əməkdaşlıq edilib. Azərbaycan Cənubi Amerika ölkələri ilə də iqtisadi və siyasi əlaqələrini gücləndirib. Azərbaycan Çin Xalq Respublikası ilə də çox ciddi addımlar atıb. Azərbaycanın Türkiyə və Pakistanla strateji müttəfiqliyini də qeyd etmək olar. Biz bütün istiqamətlər üzrə ciddi münasibətlərə üstünlük veririk. Azərbaycanın Asiya istiqamətli xarici siyasətində ölkəmizin milli maraqları tam şəkildə təmin olunub. Bakının hazırda tutduğu mövqe digər MDB dövlətləri üçün də olduqca ciddi örnəkdir".

 

Aygün Babayeva