Sülh müqaviləsi yaxınlaşa bilər

Tarix: 22:55 21.05.2025
“Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı onu deyə bilərəm ki, sülh danışıqlarının İkinci Qarabağ müharibəsindən sonra təşəbbüskarı da biz olmuşuq. Sülh müqaviləsinin mətninin müəllifi də biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib, təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib”.
Bunu Prezident İlham Əliyev bu gün Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuata bəyanatında bildirib.
Mövzu ilə bağlı politoloq Samir Hümbətov “İnformator.az”a açıqlamasında bildirib ki, əslində biz sülhə yaxınlaşırıq:
“Əgər razılaşma olarsa tək Azərbaycan üçün deyil, Ermənistan üçün də xeyirlidir. Bu regionda postmüharibə dövründə sülhə ən böyük töhfə ola bilər. Hər iki tərəf iqtisadi baxımdan güclənə bilər. Müharibəni sülh, əməkdaşlıq, iqtisadi qarşılıqlı fəaliyyət əvəz edir. Əgər bu olarsa, təkcə iki dövlətə deyil, Cənubi Qafqaza da böyük miqdarda töhfə verə bilər. 17 bəndlik saziş nəzərdə tutulub. Burada bütün detallar qeyd olunub.
Amma bu detalların da icrası üçün Ermənistanın üzərinə düşən öhdəliklər var. Ermənistanın konstitusiyası mütləq dəyişməlidir. Oradan Qarabağla bağlı iddia tamamilə aradan qalxmalıdır. Ön şərt olaraq Ermənistanın bölgəyə Avropa İttifaqından sülh missiyası altında gətirdiyi qoşun
oradan çıxardılmalıdır. ATƏT-in Minsk qrupu buraxılmalıdır. Əgər münaqişə bitibsə, bu qrup nəyə görə lazımdır? Bu öhdəliklər icra olunmalıdır”.
Politoloq qeyd edib ki, əgər Ermənistan istəsə bir il ərzində nəticə almaq olar:
“Sülh müqaviləsinə uyğun addımlar atsa, nəticə ala bilər. Amma indiki halda hələ ki, yaxınlaşmağımızdan danışmaq tezdir. Sənəd razılaşdırılıb. Amma hələ imzalanmayıbsa, onda o sənəd kağız parçası olaraq qalır. Müqavilə imzalanandan sonra və bu şərtləri Ermənistan icra edəndən sonra bu məsələyə baxa bilərik”.
Nuray Əliyeva