Ərdoğan Orbanla görüşüb-ŞƏRH

Tarix: 10:33 22.05.2025
Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısı çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, görüş mətbuata bağlı şəkildə keçirilib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, bu görüşlər özlüyündə çox mühüm əhəmiyyət daşıyır:
"Əlbəttə ki, bu görüşlər özlüyündə çox mühüm əhəmiyyət daşıyır. Çünki liderlər, prezidentlər, baş nazirlər üz-üzə oturaraq ilk növbədə ölkələrinin mövqeyini müəyyən gündəlik çərçivəsində açıqlayırlar. Eyni zamanda ortaq məqamlar axtarıb tapmağa və mövqelərinin bir-birinə maksimum yaxınlaşmasına çalışırlar. Türkiyə və Macarıstan olduqca vacib ölkələrdir. Türk Dövlətləri Təşkilatı çərçivəsində bu ölkələr real vəziyyətlərə təsir etmək imkanına malikdirlər. Bu, ilk növbədə onların iqtisadi potensialı, geosiyasi mövqeyi və türk birliyi çərçivəsində inteqrasiyanı gücləndirmək istəkləri ilə bağlıdır. Macarıstanın müşahidəçi statusunda proseslərdə iştirakı da xüsusi əhəmiyyət daşıyır. Əlbəttə, təşkilata üzv olan hər bir dövlət istərdi ki, Macarıstan tam hüquqlu üzv olsun və bu baxımdan seçilməsin. Lakin mən düşünürəm ki, bu, elə də əsas məsələ deyil. Əgər Macarıstan müşahidəçi statusunda belə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitini öz ölkəsində keçirirsə, bu artıq onun formal deyil, əməli iştirakçılığını göstərir. Macarıstan bu prosesdəki rolunu və iştirakının mahiyyətini dərk edir. Eyni zamanda, özünün türk köklərini təsdiqləməklə, bu birliyin içində öz yerini tutmaq niyyətində olduğunu göstərir. Bu təşkilatın beynəlxalq səviyyədə nüfuzlu və təsirli bir qüvvəyə çevrilməsinə yönəlmiş səmərəli bir yanaşmadır. Burada söhbət fiziki deyil, intellektual gücdən, inteqrasiyaya yönəlmiş enerjidən və qlobal gərginliklərin dağıdıcı təsirini azaltmaq cəhdindən gedir. Macarıstanın müşahidəçi, yoxsa tam hüquqlu üzv olması bu kontekstdə o qədər də önəmli deyil. Zamanı gələndə üzv dövlətlər yekdilliklə bu qərarı dəstəkləyəcəklər. Digər tərəfdən, Macarıstana bu məsələdə təzyiq göstərmək də yersizdir, çünki bu, rəsmi Budapeştin qərarı olub. İkitərəfli görüşlərin mahiyyətinə və Avropa-Türk dünyası münasibətlərinə gəldikdə isə, açıq şəkildə görürük ki, Avropa İttifaqı hal-hazırda ən problemli və çətin dövrünü yaşayır. Bu, yalnız Amerika Birləşmiş Ştatlarının Avropa İttifaqından uzaqlaşması ilə deyil, həm də İttifaq daxilində mərkəzdənqaçma meyllərinin artması ilə bağlıdır. Artıq bir neçə ölkənin — Macarıstan, Slovakiya, Rumıniya, Bolqarıstan və digərlərinin narazılığı müşahidə olunur. Bu ölkələrlə münasibətlərdə müəyyən soyuqluq və ayrı-seçkilik hiss olunur. Brüsselin nümayiş etdirdiyi yekəxanalıq birlik daxilində təbəqələşməyə səbəb olur ki, bu da müsbət amil sayılmır. Türk Dövlətləri Təşkilatına gəldikdə isə, o, getdikcə geosiyasi çəkisini artıran və bunu bacaran bir qurumdur. Bəli, onu bəyənməyənlər var, ehtiyat edənlər, hətta qısqanclıq göstərənlər də olur. Lakin bu, heç də o demək deyil ki, Təşkilat kiməsə təhdid məqsədilə yaradılıb. Əgər belə düşünülürsə, deməli, bu fikirləri formalaşdıranların özündə qeyri-sağlam niyyətlər var. Türk Dövlətləri Təşkilatı Birinci Dünya Müharibəsinin nəticələri fonunda öhdəlik götürərək inkişaf etməyə, inteqrasiya proseslərində bağlayıcı rol oynamağa və Qərblə Uzaq Şərq arasında etibarlı körpü yaratmağa çalışır. Bu, sağlam ruhda fəaliyyət göstərə biləcək nəqliyyat və iqtisadi dəhlizlərin formalaşmasına imkan yaradır. Bu yanaşma kiməsə təhlükə törədir? Əlbəttə ki, yox. Təşkilata üzv olan dövlətlər təhlükəsizliyin təminatçılarıdır və nəcib niyyətlərindən geri dönməyəcəklər. Əsas odur ki, türk dünyası daxilində inteqrasiya meylləri güclənsin, dövlətlərarası münasibətlər sağlamlaşsın, məhsuldar nəticələr əldə edilsin. Eyni zamanda Türk Dövlətləri Təşkilatı Avropa ilə Asiya arasında yüklərin, insanların və ticarətin hərəkətində harmonik mühit yaradaraq qlobal proseslərə müsbət təsir göstərsin. Kim bu prosesdə təhdid axtarırsa, o, qeyri-sağlam mövqedən çıxış edir. Təşkilatın niyyətləri sağlam, nəcib və faydalıdır və bu təsir zamanla daha da artacaq".
Qəmər Kazımzadə