AB-dən Rusiyaya növbəti sanksiya...

Tarix: 21:25 16.07.2025
Avropa Birliyi sabitliyi pozan fəaliyyətlərə görə Rusiyanın 9 vətəndaşına və 6 təşkilatına qarşı yeni sanksiya tətbiq edib.Bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.
Mövzu ilə bağlı “Novoe vremya” qəzetinin baş redaktoru, siyasi şərhçi Şakir Ağayev “İnformator.az” a açıqlamasında bildirib ki, artıq Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar effektsiz bir alətə çevrilir:
“Əgər Avropada cəmi 9 nəfər sabitliyi poza bilirsə, bəs Avropanın gücü haradadır? Yəni, sadəcə 9 nəfərdir və onlar Avropada sabitliyi poza bilir.Ümumiyyətlə, bu günə qədər Rusiyaya qarşı 30 mindən çox sanksiya tətbiq olunub. Dünyanın tarixində heç bir dövlətə bu qədər sanksiya tətbiq edilməyib. Rusiyada isə həm dövlət, həm hakimiyyət, həm də xalq bu sanksiyalara qarşı artıq bir immunitet formalaşdırıb. Onlar artıq bu sanksiyalardan yan keçməyin yollarını tapıblar.Mənim fikrimcə, məqsəd yalnız bir şeydir: Ukrayna görsün ki, biz onun yanındayıq. Amma əsas zərbəni Ukrayna çəkir. Avropa ölkələri Ukraynaya dəstək göstərir, Rusiyaya qarşı düşmən mövqeyi nümayiş etdirirlər və bu əsas təhlükə məhz buradadır — düşmənçiliyin daha da dərinləşməsi. Eyni zamanda, Avropa xalqlarına göstərirlər ki, guya mübarizə aparırlar. Halbuki bu sanksiyalar Rusiyanın siyasətinə heç bir təsir göstərmir”.
Şakir Ağayev qeyd edib ki, Rusiya Prezidenti, hökuməti və rəsmiləri də dəfələrlə bildiriblər ki, onlarla yalnız güc dili ilə danışmaq mümkündür və heç bir sanksiya onları məqsədlərindən döndərə bilməz:
“Baxın, artıq 18-ci sanksiya paketini iki aydan çoxdur qəbul edə bilmirlər. Çünki Avropa dövlətləri anlayır ki, bu sanksiyalar bir çoxlarının maraqlarına toxunur və nəticədə sanksiyalara veto qoyurlar.Mən düşünmürəm ki, bu sanksiyalar hansısa təsir göstərəcək. Avropa Birliyi sanksiyaları son həddə qədər sərtləşdirib. Bundan artıq nəyi sərtləşdirə bilərlər ki? Demək olar ki, bütün sahələrə sanksiyalar tətbiq olunub, amma yenə də Rusiyanı seçdiyi yoldan döndərə bilmirlər.Bu səbəbdən hesab edirəm ki, sanksiyaların daha da sərtləşdirilməsinin heç bir təsiri olmayacaq. Artıq həm dövlət, həm hakimiyyət, həm də xalq səviyyəsində bu sanksiyalara qarşı immunitet yaranıb və onların yan keçmə yollarını da çox yaxşı bilirlər”.
Mahmudlu Ləman