Türkiyə güc mərkəzlərindən birinə çevriləcək-Ərdoğan

Bölmə: Siyasət › ,
Tarix: 21:22 16.07.2025

 

Terrorsuz Türkiyə” hədəfinin reallaşması bütövlükdə bölgədə terror təhlükəsinin aradan qaldırılmasına yol açacaq. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

“Türkiyə çoxqütblü dünyada layiqli yerini tutacaq və ölkəmizin güc mərkəzlərindən birinə çevriləcəyinə qətiyyən şübhə etmirəm. Xalqıma tam şəkildə inanıram”, - Ərdoğan qeyd edib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov “İnformator.az”a açıqlamasında bildirib ki,Türkiyə çoxdan güc mərkəzinə çevrilib və bunu sübut edib ki, böyük bir güc sahibidir, güc mərkəzidir:

 

“Bugün  Türkiyə beynəlxalq təhlükəsizlik arxitekturasını təmin edən əsas oyunçulardan biridir. Bunun da əsas səbəblərindən biri odur ki, Türkiyə NATO ölkəsi olmasına baxmayaraq, Şərqlə, xüsusilə Rusiya ilə normal münasibətlər saxlayır. NATO-nun əsas hərəkətlərində də müəyyən rolu var. Türkiyənin həm Rusiya, həm də İranla normal münasibətləri var. Yəni, Türkiyə hər iki qütbdə təmsil olunur və balanslı siyasət yürüdür. Özünün müstəqil xarici siyasət kursu var və məhz bu balanslı siyasət nəticəsində, eyni zamanda hər iki qütblə normal münasibətlər hesabına beynəlxalq təhlükəsizlik arxitekturasında balansı qoruyur və beynəlxalq təhlükəsizliyə ciddi təhdidlərin yaranmasının qarşısını ala bilir”.

 

Kənan Novruzov qeyd edib ki,Türkiyədə terrora son qoyulması mühüm hadisədir:

 

“Bilirsiniz ki, uzun illər Türkiyə terrorlardan əziyyət çəkib və bu, sadəcə təhlükəsizlik məsələsi olmayıb. Eyni zamanda, Türkiyə daxilində miqrant axınına səbəb olub. Xüsusilə Suriyadan və İraqdan qaçqınlar gəlirdi, bu isə ölkə daxilində müəyyən qarışıqlıqlara, iqtisadi çətinliklərin daha da artmasına gətirib çıxarırdı. Bu baxımdan, terrora son qoyulması əlbəttə mühüm hadisədir.Ancaq burada diqqətli olmaq lazımdır. Hansı baxımdan? Yəni, PKK-nın silahı yerə qoyması və tam təslim olması o demək deyil ki, Türkiyə üçün terror tamamilə bitib. Çünki Suriyada və İraqda olan terrorçulardan ABŞ uzun illər Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edib. İstisna deyil ki, məsələn, PKK silahı yerə qoyacaq, amma YPG-yə və ya KDK-yə ötürəcək. Yəni, yeni bir terror təşkilatının meydana çıxması ABŞ üçün o qədər də çətin deyil. Buna görə də düşünürəm ki, Türkiyə ehtiyatlı olmalıdır və diqqəti azaltmamalıdır. Güclənən Türkiyənin əlaqələrinə necə təsir edəcəyi isə iki tərəfli bir sualdır. Təbii ki, Türkiyənin tərəfdaşları artacaq, amma eyni zamanda, gücünün artması onun bəzi münasibətlərində hesablaşmaları da artıracaq”.

 

Siyasi şərhçi son olaraq açıqlamasına əlavə edib ki, Türkiyə həm də ona görə güclüdür ki, onun yanında Türk Dövlətləri Təşkilatı var, yanında Azərbaycan var:

 

“Türkiyə həm NATO ölkəsidir, həm böyük bir imperiyanın varisidir və bu gün dünyada təcrid olunan, sivil dünyadan təzyiq görən Rusiya ilə normal tərəfdaşlıq münasibətləri saxlayır. Bu amillər də Türkiyəni qlobal oyunçu kimi dünyada fərqləndirir”.

 

Mahmudlu Ləman