Qərbi Azərbaycanlıların doğma yurdlarına qayıdışı

Tarix: 18:53 22.05.2025
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 19 may 2025-ci ildə keçirilən beynəlxalq konfransda Qərbi Azərbaycanlıların doğma yurdlarına qayıdışının insan hüquqları və beynəlxalq hüquq baxımından vacibliyini vurğulayıb. Dövlət başçısı bu prosesin dünya ictimaiyyətinin diqqətini çəkməsinin əhəmiyyətini qeyd edib və Qərbi Azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz yurdlarına dönmələrinin təmin olunacağına inandığını bildirib.
Məsələ ilə bağlı “İnformator.az”a açıqlama verən politoloq Sultan Zahidov bildirib ki, bu mövzu uzun illərdir ki, Azərbaycanın diqqət mərkəzindədir. O vurğulayıb ki, xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ilə bu məsələ daha çox ön plana çıxıb:
“Əvvəllər əsas prioritet Qarabağ məsələsi və məcburi köçkünlərin ora qayıdışı idi. İndi artıq bu problem öz həllini tapdığı üçün gündəmdə Qərbi Azərbaycanlıların qayıdışı dayanır. Bu istiqamətdə ciddi dövlət proqramı mövcuddur. Azərbaycan icması fəal şəkildə addımlar atır, hər il silsilə tədbirlər həyata keçirilir və bu məsələ Azərbaycan diplomatiyasının gündəliyində yer alır,” – deyə Sultan Zahidov qeyd edib.
O bildirib ki, beynəlxalq ictimaiyyət bu məsələ ilə bağlı lazımi qədər məlumatlı deyil və Azərbaycan bu istiqamətdə məlumatlandırma işlərini genişləndirməlidir. Onun fikrincə, Ermənistan tərəfindən Azərbaycanı 2023-cü ildə Qarabağ ermənilərini köçürməkdə ittiham etmək cəhdləri əsassızdır:
“Beynəlxalq institutlarda, Avropa Şurasında və digər qurumlarda bu kimi böhtanlar səsləndirilir. Halbuki, Qarabağda yaşayan ermənilər könüllü şəkildə ərazini tərk etdilər. Azərbaycan onlara ‘bizim pasportları alın, təhlükəsizliyiniz və hüquqlarınız qorunacaq’ cavabını verdi, lakin onlar buna müsbət yanaşmadılar və könüllü şəkildə getməyi seçdilər,” – deyə politoloq xatırladıb.
Zahidov həmçinin 1988–1989-cu illərdə Ermənistandakı azərbaycanlıların hansı şəraitdə oradan çıxarıldığını da xatırladıb: “O zaman azərbaycanlılar məcburi şəkildə qovuldular, bəziləri öldürüldü, işgəncələrə məruz qaldılar. Bu səbəbdən Qərbi Azərbaycanlıların doğma torpaqlarına qayıdışı məsələsinin gündəmdə saxlanılması xarici siyasətimizin vacib istiqamətlərindən biridir.”
Politoloq hesab edir ki, bu prosesin həyata keçməsi üçün Ermənistanda revanşist düşüncələrə son qoyulmalı, həmin ərazilərdə təhlükəsiz və sabit mühit yaradılmalıdır:
“Aydın məsələdir ki, Ermənistan revanşizm meyilləri daşıdığı müddətcə bu təhlükə qalacaq. Azərbaycanlıların geri qayıda bilmələri üçün onların təhlükəsizliyi, hüquqları və sosial təminatı təmin olunmalıdır. Bu məsələni biz, ermənilərin geri qayıtması məsələsi ilə paralel şəkildə gündəmə gətiririk,” – deyə Zahidov qeyd edib.
Sonda politoloq bildirib ki, bu məsələnin həlli ilk növbədə Ermənistan hakimiyyətinin məsələyə müsbət yanaşmasından asılı olacaq: “Həmin ərazilər Ermənistanın nəzarətində olduğuna görə ilk növbədə hökumət buna yaşıl işıq yandırmalıdır. Daha sonra artıq təhlükəsizlik, hüquqlar, sosial-iqtisadi məsələlər danışıqlar masasına gətirilə bilər.”
Solmaz Muradova