ABŞ-də İsrail səfirliyinin 2 əməkdaşı öldürülüb

Tarix: 19:41 22.05.2025
İsrail səfirliyinin iki əməkdaşı Vaşinqtondakı Yəhudi Muzeyi qarşısında öldürülüb, bu barədə ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, mən düşünmürəm ki, bu hadisə ABŞ–İsrail münasibətlərinə mənfi təsir etsin:
“Ümumiyyətlə, İsrail dedikdə, artıq ABŞ nəzərdə tutulur. İsrail dövləti qurulandan bəri Amerika ona davamlı dəstək verir. Yəni, İsrail dövlət olaraq ABŞ ilə birgə razılıqla, İkinci Dünya Müharibəsindən sonra yaradılıb. O vaxtdan bəri də ABŞ İsrailə hərtərəfli dəstək göstərir. ABŞ-də yəhudi lobisinin gücü hamıya məlumdur. Xüsusilə Donald Tramp prezident olandan sonra açıq şəkildə yəhudiləri və siyonizmi dəstəklədiyini bəyan edib. O, İsraili qorumağın ABŞ-nin borcu olduğunu bildirib və bu fikrini dini kitablara əsaslanaraq izah edib. Yəni, istənilən halda ABŞ İsrailin yanında olduğunu göstərir. Antisemitizmə gəlincə, bu hal tarix boyu mövcud olub. Yəhudilərə qarşı ən mənfi münasibət məhz Avropada, xristian dünyasında müşahidə olunub. Halbuki İslam dünyasında yəhudilər hər zaman daha rahat yaşayıblar. İndiki dövrdə isə vəziyyət dəyişib. Qəzzada baş verən qırğınlar, İsrailin həyata keçirdiyi hərbi əməliyyatlar artıq dünya ictimaiyyətində mənfi rəy formalaşdırır. Məsələn, Avropanın müxtəlif yerlərində — İtaliyada bir restoranda yəhudi ailəsinin qovulması və ya anti-İsrail mitinqlərinin keçirilməsi kimi hallar artır. ABŞ-də da bu cür hadisələr müşahidə olunur. Bu, həm də İsrailin Fələstin xalqına qarşı apardığı siyasətlə bağlıdır — soyqırım, qətliam, hərbi zorakılıq. Təbii ki, bu, təkcə müsəlman dünyasında deyil, ümumilikdə dünyada İsrailə və yəhudilərə qarşı antipatiya yaradır. Terror aktlarının qarşısını almaq isə tam mümkün deyil. Hətta ABŞ kimi bir ölkə də bu məsələdə tam güclü deyil. Bu cür hücumların qarşısını almaq üçün əsas addım İsraili dayandırmaqdır. Amma ABŞ bunu etmir. Əksinə, ‘davam et, mən sənin yanındayam, səni qorumaq mənim borcumdur’ mesajını verir. Bunu da dini əsaslarla — Tövrat, İncil və s. üzərində qururlar. Belə davam etdikcə, vəziyyətin daha da pisləşməsi və bu cür hadisələrin artması qaçılmazdır. Əgər ABŞ İsrailin bu hərəkətlərinə ‘dayan’ deyə bilsə, o zaman vəziyyət dəyişə bilər və bu cür terror halları da azalar".
Qəmər Kazımzadə