Azərbaycan-İran birbaşa uçuşlarının bərpası müzakirə olunur

Bölmə: Siyasət › ,
Tarix: 22:15 22.05.2025

 

 

Azərbaycan və İran arasında nəqliyyat əlaqələrinin inkişafı istiqamətində yeni addımlar atılır. Bu kontekstdə iki ölkə arasında birbaşa hava reyslərinin bərpası məsələsi gündəmdədir. Tərəflər bu məsələni qarşılıqlı maraqlar və regional əməkdaşlıq çərçivəsində müzakirə edirlər. Uçuşların yenidən başlaması ticarət, turizm və humanitar əlaqələrin genişlənməsinə töhfə verə bilər.

 

Məsələ ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, İranla münasibətlərə yenidən baxılır və əlaqələrin müsbət yöndə davamiyyəti bərpa olunur:

 

"Bu, qonşuluq zəminində müsbət addımlardır. Azərbaycanın siyasəti hər zaman qonşularla isti olub, daima bütün yönlərdə əlaqələrin inkişafında maraqlı olub. İranla Azərbaycan arasında uçuşların bərpası regional əməkdaşlıq baxımından digər münasibətlərin inkişafı və davamiyyəti üçün əhəmiyyətlidir. Təbii ki, danışıqlar aparıldı, diplomatik münasibətlərin nəticəsi olaraq bu münasibətlər bərpa edildi. Şübhəsiz ki, uçuşların bərpa edilməsi iqtisadi, ticari və turizm əlaqələrinə müsbət təsir göstərə bilər. Amma İrandan gələn digər təhlükələri nəzərə alaraq bu məsələdə dövlətin ciddi nəzarəti vacibdir. Dini zəmində nəzərdə tutduğu təhlükəli planların tərkibi olaraq bu əlaqələrdən sui-istifadə etməməlidir. Azərbaycanın konstitusion quruluşu əleyhinə İranda fəaliyyət göstərən mütəşəkkil dəstənin zərərsizləşdirilməsi kimi qarşıda məsələlər var".

 

Ekspert həmçinin bunu da bildirib ki, hazırki münasibətlərin inkişafı zəminində o məsələ də yaxın gələcəkdə həllini tapa bilər:

 

"Əgər o kimi açıq məsələlər də həllini taparsa, İrandan Azərbaycan dövlətinin əleyhinə görülən işlər ləğv edilərsə digər sahələr üzrə də münasibətlər müsbət yöndə davamlı olar.

Səfirliyimizə qarşı terror törədən şəxsin cəzalandırılmasına nail olunması da Azərbaycan dövlətinin İranla apardığı siyasətində qələbə hesab oluna bilər. Hazırda uçuşlarım bərpası da biz tərəfdən atılan digər addımdır. Bu, siyasi irəliləyişdir. Yerdə qalan məsələlərin də İran tərəfindən həlli əməkdaşlığımızı sağlamlaşdıra və möhkəmləndirə bilər. Təbii ki, İran da öz öhdəsinə düşəni yerinə yetirməlidir. Tarixi, mehriban qonşuluq və mədəni, ticari, turizm əlaqələri də bu zaman daha effektli inkişaf edə bilər".

 

Gülhüseynova Güllər