ABŞ ilə danışıqların nəticə verəcəyinə inanmırıq-Xamenei

Tarix: 22:43 22.05.2025
İranın ali rəhbəri Ayətullah Əli Xamenei Tehranın nüvə proqramı ilə bağlı ABŞ ilə aparılan danışıqların uğurla nəticələnəcəyinə şübhə etdiyini bildirib.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əhəd Məmmədli bildirib ki, Xamenei elə danışır ki, sanki o, ölkənin başçısı deyil, rejimin ideoloji tərəfini təmsil edən əsas fiqurdur:
"O, radikal qanadın lideri sayılır. Ona görə də bu tonda danışması təbiidir. Prezident hansısa nəticəyə gəlsə, bu da Xameneinin tapşırığı ilə baş verir və bu nəticə həm də radikal mövqedən müəyyən geri çəkilmə kimi təqdim olunur. Əgər razılıq əldə olunursa, İran da müəyyən mənada geri çəkilməlidir – nüvə silahından və texnologiyasından imtina etməlidir. Amerika isə istəyir ki, İran təkcə nüvə silahından yox, nüvə enerjisindən də imtina etsin. Bu isə artıq qapalı bir dairə yaradır. Obama dövründə razılıq əldə olundu, lakin sonra Donald Tramp gəldi və razılaşmadan imtina etdi. İndi isə özü həmin razılaşmanı bərpa etmək istəyir. Yəni əvvəl imtina etdiyinə indi yenidən qayıtmaq istəyir. Belə bir vəziyyətdə danışıqlar vasitəsilə Amerika yeni bir şey əldə edə bilməz. Əgər hansısa razılıq əldə olunsa belə, 10-15 ildən sonra tərəflər yenə əvvəlki mövqelərinə qayıda bilərlər. Bu da ABŞ-İran münasibətlərinin nə tam dostluq, nə də tam düşmənçilik üzərində qurulduğunun göstəricisidir. Amerikaya regionda İran düşmən obrazında lazımdır, İrana isə daxili auditoriya qarşısında Amerika bir nömrəli düşmən kimi lazımdır. Yəni düşmənçilik edilir, amma bu əsasən söz üzərindədir – real addımlara çevrilmir. Hər iki dövlət müəyyən məqamlarda öz maraqlarını təmin edirlər. Məsələn, Amerika regionda İranın qonşularına – İraqa, Suriyaya, Livana qarşı hərbi əməliyyatlar keçirib. Türkiyədə çevriliş cəhdini dəstəklədiyi iddia olunur. Amma İrana qarşı indiyə qədər bir güllə belə atmayıb. İran-İraq müharibəsi zamanı İran ABŞ gəmilərini partlatdı, İran ABŞ səfirliyini ələ keçirdi, insanları girov götürdü – amma ABŞ buna baxmayaraq, İrana birbaşa hərbi cavab vermədi. Halbuki dünyanın başqa yerlərində daha az səbəblərlə hərbi əməliyyatlara başlayıb. Bütün bunlar onu göstərir ki, ABŞ-İran münasibətləri əsasən ritorik səviyyədə qalır. Ən uzağı, iqtisadi sanksiyalarla məhdudlaşır. Müharibə isə real deyil. Qərb heç vaxt İranın tam sıradan çıxmasının tərəfdarı olmayıb. İran Qərb üçün Şərqdə müəyyən tarazlıq elementi kimi həmişə lazım olub. Bu münasibətlərin kökü tarixi aspektlərə gedib çıxır. Bu, indiki məşhur Səfəvi-Osmanlı mübahisələri ilə əlaqəli deyil. Mən hər zaman demişəm ki, ABŞ-İran münasibətləri sonda ya iqtisadi sanksiyalarla yekunlaşır, ya da sülh olmadan, amma müharibə səviyyəsinə çatmadan, bir növ “mehriban düşmənçilik” siyasəti ilə davam edir".
Ayşən Səlimova