“Mənim iki mühüm məqsədim var”-Sarkisyan

Bölmə: Siyasət › ,
Tarix: 22:47 22.05.2025

 

 

Ermənistanın 3-cü prezidenti, Respublikaçılar Partiyasının sədri Serj Sarkisyan deyib ki, Komanda yoldaşlarımın və mənim iqtidara gəlmək hədəfimiz yoxdur, məqsədimiz iqtidar dəyişikliyidir.

 

“Şəxsən mənim iki mühüm məqsədim var: birincisi, hakimiyyət dəyişikliyi, ikincisi, Bakı həbsxanalarından dostlarımın qayıtması. Başqa heç nə istəmirəm. Kim nə istəyirsə, qoy hamısını götürsün”, - deyə Sarkisyan bildirib.

 

Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Sarkisyanın dedikləri populist məzmunludur:

 

“Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın açıqlaması daha çox populist məzmun daşıyır. İlk növbədə, Ermənistan cəmiyyətinə yönəlmiş bir mesajdır və eyni zamanda bu mesaj həm də Qarabağ klanına yönəlmiş mesajdır. Daha çox ölkə daxilində öz dayaqlarını möhkəmləndirmək məqsədi daşıyan bir açıqlamadır. Ancaq bu mesajda Ermənistanın keçmiş prezidentinin müəyyən qorxuları da özünü göstərir. Bu da ondan ibarətdir ki, Bakıda həbsxanalarda olan “dostlarının” geri qayıtması ilə bağlı hədəfi, əslində Serj Sarkisyanın özünün qorxusudur. Çünki onun cinayətkar terrorçu “dostları” Bakıda erməni separatçılarının törətdiyi cinayətləri, soyqırımları etiraf etməyə başlayıblar və bu etiraflar beynəlxalq məkanda da şok yarada biləcək məzmun daşıyır. Eyni zamanda, bu cinayətlərdə Serj Sarkisyanın da birbaşa iştirakı heç kəsə sirr deyil. Hətta Serj Sarkisyan özü etiraf eləmişdi, soyqırımların törədilməsini, xüsusilə də Xocalı soyqırımını törətməklə azərbaycanlılara belə addımlar ata biləcəklərini sübut etdiklərini bəyan etmişdi. Bunu özü öz diliylə mətbuata açıqlamasında bildirmişdi. Böyük ehtimalla Serj Sarkisyan ondan qorxur ki, nə vaxtsa elə bir situasiya yarana bilər ki, Serj Sarkisyanın özü də Bakıdakı terrorçuların sırasında dayanaraq törətdiyi dəhşətli bəşəri cinayətlərə görə cavab vermək məcburiyyətində qala bilər. Yəni, Sarkisyan indi o barədə düşünməlidir ki, Bakıdakı məhkəmələrdə erməni cinayətkarlarla eyni sırada durub-durmayacağı nə vaxt baş verəcək. Bu baxımdan hesab etmək olar ki, Sarkisyanın açıqlamaları daha çox populist və özünü Ermənistan cəmiyyətində daha güclü mövqeyə gətirmək və gələcək mühakimə təhlükələrindən yayındırmaq məqsədi daşıyır”.

 

Politoloq artıq Sarkisyanın bundan sonra Cənubi Qafqazda hər hansı təsirə malik fiqur ola bilməyəcəyini qeyd edib: 

 

“Artıq Serj Sarkisyan da Cənubi Qafqazda baş verən proseslərin keçmişinə aiddir. O, bundan sonra heç vaxt hansısa səlahiyyət sahibi kimi Cənubi Qafqazda hər hansı təsirə malik ola biləcək fiqur deyil. Eyni zamanda, onun hakimiyyət dəyişikliyində maraqlı olduğunu bildirsə də, hakimiyyətə iddialı olmadığını vurğulaması da çox müəmmalı məsələdir. Çünki onun Koçaryanla, yəni Qarabağ klanının ikinci qanadı ilə ciddi problemlərinin olduğu da bəllidir. Hazırda Koçaryan və Sarkisyan arasında müəyyən ziddiyyətlər var. Onlar dolayı yollarla bir-birini ittiham etməkdə davam edirlər. Bu baxımdan, müəyyən mənada bunu siyasi manipulyasiyalarla bir-birinin mövqelərinə zərbə endirmək məqsədi kimi də qəbul etmək olar. Yəni, bütün bunlar onu göstərir ki, Ermənistan cəmiyyəti qarışıq bir cəmiyyətdir və bu cəmiyyətin ,ümumiyyətlə, erməni toplumunun gələcək taleyinin necə olacağı hələ də müəmmalı olaraq qalır. Çünki Ermənistan toplumunda separatizmdən, terrorizmdən pul qazanan, sərvət qazanan şəxslərin sayı kifayət qədərdir və bu şəxslər Serj Sarkisyan, Koçaryan və bu kimi şəxslər erməni toplumunun separatizm və terrorizmdən uzaqlaşmasında maraqlı deyillər. Çünki bu halda onların sərvət qazanma imkanları sıfıra enmiş olacaq. Bütün bunları nəzərə alaraq, onu qeyd etmək olar ki, yaxın gələcək üçün, xüsusilə də 2026-cı ildə keçiriləcək parlament seçkilərində Ermənistan cəmiyyəti tam bir xaos mərhələsinə qədəm qoyaraq, Ermənistanın dövlətçiliyini belə böyük təhlükə qarşısında buraxa biləcək bir prosesin ərəfəsindədir”.

 

Lalə Qurbanlı