İki qalaktika arasında ilk dəfə “kosmik turnir” müşahidə edilib

Tarix: 22:13 27.05.2025
Astronomlar kainatın ilkin dövrlərinə aid olan iki qalaktikanın toqquşma prosesində bir-birinə radiasiya ilə “hücum etdiyi” kosmik duelini ilk dəfə birbaşa müşahidə ediblər.
Avropa Cənub Rəsədxanasının Çilidə yerləşən "Çox Böyük Teleskopu" (VLT) və ALMA teleskop şəbəkəsi vasitəsilə aparılan müşahidələrdə tədqiqatçılar bir-birinə saatda 1,8 milyon kilometr sürətlə yaxınlaşan iki qalaktikanı izləyiblər.
Bu müşahidələr təxminən 4 il davam edib.
Qalaktikalardan biri, mərkəzində yerləşən kvasar vasitəsilə digər qalaktikaya güclü ultrabənövşəyi radiasiya göndərir. Bu şüalar qarşı tərəfdəki qalaktikanın ulduz formalaşdıran qaz buludlarını dağıdaraq yeni ulduzların yaranmasının qarşısını alır.
Tədqiqatçılardan Paskye Noterdam bu qeyri-adi hadisəni “kosmik turnirə” bənzədib. Söhbət gedən iki qalaktika Yer planetindən 11 milyard işıq ili uzaqlıqda yerləşir. Araşdırma göstərir ki, bu toqquşan qalaktikalar birləşərək daha böyük bir qalaktikaya çevrilmək üzrədir.
Tədqiqat, kainatda ulduzların yaranmasının ən yüksək olduğu dövr – “kosmik günorta vaxtı” adlandırılan mərhələyə dair mühüm məlumatlar təqdim edir.
TRT Xəbər
Nuray Əliyeva