FHN Xəzər dənizində təlim keçirib

Tarix: 12:43 02.06.2025
Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Xəzər dənizinin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsinə düşən hissəsində təlim keçirilib.
Nazirliyin Mətbuat xidmətindən “İnformator.az”a verilən xəbərə görə, “Su hövzələrində xilasetmə və dalğıc-axtarış işlərinin aparılması” mövzusunda keçirilən təlimdə sözügedən qurumlarla yanaşı, FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi və Tibb Xidmətinin əməkdaşları iştirak edib.
Təlim sularda insanların təhlükəsizliyinin təmin olunması sahəsində əlaqələndirmə, idarəetmə və nəzarətin həyata keçirilməsi, eləcə də rəhbər, komandir-rəis heyəti və digər təlim iştirakçılarının fövqəladə hadisələr zamanı fəaliyyət üzrə bilik və bacarıqlarının artırılması, rabitə və xəbərdarlıq sistemlərinin etibarlılığının təmin edilməsi məqsədilə keçirilib.