Uşaqlar arasında bullinq və onun səbəbləri

Bölmə: Sosial › ,
Tarix: 19:15 03.06.2025

 

Uşaqlar arasında bullinq psixoloji və fiziki zorakılıq formasıdır. Bu hallar uşağın psixikasına mənfi təsir edir və əsas səbəbləri ailə, məktəb və sosial mühitlə bağlıdır.

 

Mövzu ilə bağlı Klinik psixoloq, EMDR terapevt Aygün Kərimova "İnformator.az"a açıqlamasında bildirib ki, uşaqlar arasında bullinqin səbəbləri müxtəlifdir və fərdi, sosial, ailə, və məktəb mühitləri ilə sıx bağlıdır.

 

"Uşaqlar arasında bullinqin səbəbləri müxtəlifdir və fərdi, sosial, ailə və məktəb mühitləri ilə sıx bağlıdır. Fərdi xüsusiyyətlər arasında xarici görünüşdəki fərqliliklər, nitq problemləri, sosial status və ya utancaqlıq kimi hallar bullinqin əsas hədəfi ola bilər. Sosial dinamikada qrup içində liderlik mübarizəsi, dominantlıq arzusu və empatiya çatışmazlığı bullinqi artırır. Ailə mühitində diqqətsizlik, zorakı tərbiyə və ya ailədaxili konfliktlər uşağın zorakı davranışlara meyilli olmasına səbəb ola bilər. Məktəb atmosferi isə bullinqin davamlılığını gücləndirə bilər; xüsusilə, müəllimlərin problemi həll etməməsi və sinif daxilində “lider” və “izqoy” kimi qruplaşmaların yaranması buna şərait yaradır.

 

Sosial şəbəkələr və kiberbullinq halları da problemi daha qlobal bir miqyasda dərinləşdirir. Bullinqin qarşısını almaq üçün ailələr, məktəblər və cəmiyyət uşaqlara empatiya, hörmət və dözümlülük kimi dəyərləri aşılamağa diqqət yetirməli, eyni zamanda təhlükəsizlik tədbirlərini gücləndirməlidir.

 

Uşaqlarda zorakılıqdan sonra müşahidə olunan psixoloji dəyişikliklər bunlardır; Artan narahatlıq və təşviş yəni: Uşaq gərgin, narahat olur və daimi qorxu hissi keçirə bilər.


Özünəinamın azalması: Özünü əhəmiyyətsiz, gücsüz hiss etmə. Uşaq özünü dəyərsiz hiss edə bilər. Depressiya: Sevdiyi fəaliyyətlərə marağın itməsi, ruh düşkünlüyü, tez-tez ağlama. Sosial təcridə üstünlük verər, dostlardan və ailədən uzaqlaşa bilər.


Aqressiya və ya emosional partlayışlar:Uşaq bullinqə cavab olaraq aqressiv davranış göstərə bilər. Eyni zamanda, emosional qeyri-sabitlik müşahidə oluna bilər.Sağlamlıq problemləri: Baş ağrısı, qarın ağrısı kimi psixosomatik şikayətlər artar.


Yuxu ve yemek problemleri (yuxuya gedə bilməmək, qorxulu yuxular görmək,iştaxi olmur yada çox yemrk yeyir) baş verə bilər.


Akademik göstəricilərin aşağı düşməsi:Dərsə diqqətini toplamaq çətinləşir, məktəbdən qaçmaq və ya dərsləri buraxmaq halları baş verə bilər.


Uzunmüddətli bullinq vəziyyətində uşağın özünə zərər vermə meylləri və hətta intihar düşüncələri yarana bilər.Bullinq edən uşaqların davranışlarına təsir edən əsas ailəvi faktorlar bunlardır:


Aqressiv nümunələr – ailədə zorakılıq və ya təhqiramiz münasibətlər.Diqqət və qayğının olmaması – valideynlərin uşağın ehtiyaclarını görməməsi və ya laqeyd münasibət.


Sərt və ya hədsiz sərbəst tərbiyə – qayda və hədlərin qeyri-müəyyənliyi.Münaqişəli ailə mühiti – davamlı mübahisələr, boşanmalar və ya ailə dağılması, valideynlərdən birinin olmaması.


Maddi və sosial çətinliklər – yoxsulluq və ya cəmiyyətdə qəbul edilməmək. Bullinq edən uşaqların davranışlarına təsir edən əsas psixoloji faktorlar bunlardır:


Özünəinam çatışmazlığı – daxili qeyri-müəyyənlik və ya özünü təsdiq etmə ehtiyacının aqressiv yollarla ifadəsi. Empatiya çatışmazlığı – başqalarının emosional vəziyyətini başa düşməkdə və dəyərləndirməkdə çətinlik. Tanınma ehtiyacı – diqqət mərkəzində olmaq və üstünlük göstərmək üçün zorakı yanaşma.
Travmalar – keçmişdə yaşanmış emosional və ya fiziki travmalar.


Bullinq daimi təkrarlanır, zorakılıq və ya incitmə halları təkcə bir dəfə deyil, mütəmadi olaraq baş verir.


Kasıd şəkildə edilir, kiminsə qəsdən incitməyə çalışmasıdır. Güc fərqi olur, zorakılıq adətən, bir tərəfin fiziki, sosial və ya emosional üstünlük hiss etdiyi hallarda baş verir. Müxtəlif formaları olur, fiziki: vurmaq, itələmək, əşyaları sındırmaq. Sözlü: təhqir etmək, lağ etmək, təhdid etmək. Sosial: qrupdan xaric etmək, pis danışmaq, şayiələr yaymaq. Kiberbullinq: internetdə pis sözlər yazmaq, utandırıcı şəkillər paylaşmaq.
Susmamaq: Valideynlərə, müəllimlərə və ya məktəb psixoloquna danışmaq vacibdir. Bu “şikayət etmək” deyil, özünü qorumaqdır. Özünü müdafiə etmək: Sakit və inamla deyin: “Dayan, bu xoşuma gəlmir.” Mümkünsə, vəziyyətdən uzaqlaşmaq:


Əgər mümkündürsə, zorakılıq olan yeri tərk edin və dostlarınızın, böyüklərin yanında olun. Dostlardan dəstək almaq: Dostlarla ünsiyyət qurmaq uşağa özünü daha güvənli hiss etməyə kömək edə bilər.


Kiberbullinqdə dəlilləri saxlamaq: Pis mesajları və şəkilləri saxlayıb böyüklərə göstərmək. Diqqət etməmək: Əgər zorakılığı törədən şəxs onun hərəkətlərinin nəticəsiz olduğunu görürsə, bəlkə də dayanar.


Uşaqlar hər zaman zorakılıqdan danışmırlar. Onların davranışlarındakı dəyişikliklərə diqqət yetirin, özünə qapanmaq, məktəbdən qaçınmaq, yuxu problemləri. Güvən dolu bir mühit yaratmaq vacibdir ki, uşaqlar öz hisslərini rahatlıqla ifadə edə bilsinlər.Media və sosial şəbəkələr uşaqlar arasında bullinqə təsir göstərə bilər.


Bullinqin daha çox yayılması, sosial şəbəkələr bullinqi daha geniş auditoriyaya çatdırır və bu, uşağa daha çox psixoloji təzyiq edir.


Anonimlik, təhqir edənlər kimliklərini gizlədə bilirlər və bu da onları daha cəsarətli edir. Pis davranışların normallaşdırılması, mediada və sosial şəbəkələrdə bəzən aqressiya normal kimi təqdim olunur. Müqayisələr, Sosial şəbəkələrdəki “ideal həyat” təsvirləri uşaqları bir-biri ilə müqayisə etməyə və məsxərəyə səbəb olur.


Davamlı təsir, pis şərhlər və yazılar silinmir və uşaq bunu təkrar görərək daha çox tesirlənirlər. Amma sosial şəbəkələr zorakılıqla mübarizə aparmaq üçün də faydalı ola bilər, çünki orada bu problemdən çıxış yolları göstərilir".

 

Səmayə Səftərova