Dünyadakı oksigen gələcəkdə böyük ölçüdə yox olacaq

Bölmə: Maraqlı › ,
Tarix: 14:38 02.06.2025

Hazırda oksigen sayəsində canlı həyat davam edir. Lakin alimlər hesab edirlər ki, bir gün Yer kürəsinin atmosferi yenidən metanla zəngin, oksigenlə kasıb bir vəziyyətə qayıdacaq.

 

Yaponiyanın Toho Universiteti və ABŞ-də yerləşən Corciya Texnologiya İnstitutunun alimlərinin birgə araşdırması Yer atmosferində baş verəcək böyük bir dəyişikliyi üzə çıxarıb. Tədqiqat göstərir ki, təxminən 1 milyard il sonra atmosferdəki oksigenin səviyyəsi dramatik şəkildə azalacaq.


Bu proses, təxminən 2,4 milyard il əvvəl baş vermiş və “Böyük Oksidləşmə Hadisəsi” (BOH) kimi tanınan dövrdən əvvəlki atmosfer quruluşuna bənzər bir vəziyyətin geri qayıtması deməkdir.


Oksigenin sabitliyi düşündüyümüz qədər güclü deyil.


Tədqiqatın aparıcı alimlərindən Kazumi Ozaki bildirib: “Uzun illərdir ki, Günəşin tədricən daha çox parlaması və qlobal geokimyəvi dövrlər əsas götürülərək Yerdə həyatın müddəti hesablanırdı. Lakin bu model göstərir ki, atmosferdəki oksigen sabit qala bilməz”.


Alimlər qeyd edirlər ki, atmosferdəki oksigen uzunmüddətli sabit bir xüsusiyyət deyil və başqa planetlərdə həyat axtarışında yalnız oksigenə fokuslanmaq yanıltıcı ola bilər.


Yox oluş düşündüyümüzdən daha tez baş verə bilər.


Araşdırmaya əsasən, oksigenin itməsi Günəş şüalarının səbəb olduğu su buxarlanmasından və okeanların qurumasından daha əvvəl baş verəcək. Bu isə oksigenə ehtiyac duyan insanlıq və bir çox canlı növü üçün sonun başlanğıcı deməkdir.


Corciya Texnologiya İnstitutundan Kris Raynhard bu dəyişikliyi belə ifadə edib: “Bugünkündən təxminən bir milyon dəfə az oksigenə sahib bir atmosferdən danışırıq”.


Mikroorqanizmlər yaşamağa davam edə bilər.


Araşdırmaya görə, Yerin oksigenlə zəngin olduğu dövr, planetin ümumi ömrünün cəmi 20-30 faizini əhatə edəcək. Oksigenin yox olması ilə birlikdə bitkilər və fotosintez edən canlılar da yox olacaq, lakin anaerob – yəni oksigensiz şəraitdə yaşayan mikroorqanizmlər varlıqlarını davam etdirə biləcək.


Kazumi Ozaki bildirib: “Bu prosesdən sonra atmosferdə metan miqdarı yüksək, karbon qazı isə az olacaq və ozon təbəqəsi tamamilə yox olacaq. Yer, anaerob həyat formalarının üstünlük təşkil etdiyi bir planetə çevriləcək”.


Mənbə:TRT HABER
Solmaz Muradova