Dünyadakı oksigen gələcəkdə böyük ölçüdə yox olacaq

Bölmə: Maraqlı › ,
Tarix: 22:32 02.06.2025

 

Müasir dövrdə oksigen sayəsində canlı həyatını davam etdirə bilir. Lakin alimlər, planetimizin atmosferinin bir gün yenidən metan baxımından zəngin, oksigen baxımından isə kasıb vəziyyətə gələcəyini proqnozlaşdırıblar.

 

Yaponiyadakı Toho Universiteti və ABŞ-dəki Corciya Texnologiya İnstitutundan alimlərin birgə araşdırması Yer atmosferində baş verəcək böyük bir dəyişikliyi üzə çıxarıb. Araşdırmaya görə, təxminən 1 milyard il ərzində atmosferdəki oksigen səviyyəsi kəskin şəkildə azalacaq.

Bu proses, planetin təxminən 2,4 milyard il əvvəl yaşadığı və “Böyük Oksidləşmə Hadisəsi” (GOE) kimi tanınan dövrün əvvəllərindəki atmosfer quruluşuna bənzər bir vəziyyətə qayıdış deməkdir.

 

Araşdırmanı aparan alimlərdən Kazumi Ozaki bildirib: “Uzun illərdir Günəşin getdikcə daha parlaq olması və qlobal geokimyəvi dövrlər əsas götürülərək Yer üzündə həyatın nə qədər davam edəcəyi hesablanırdı. Ancaq bu model göstərir ki, atmosferdəki oksigen sabit qala bilməz".

 

Komanda vurğulayıb ki, atmosferdəki oksigen uzunmüddətli sabit bir xüsusiyyət deyil və başqa planetlərdə həyat əlamətləri axtarılarkən təkcə oksigenə fokuslanmaq yanıltıcı ola bilər.

 

Araşdırmaya görə, oksigenin itirilməsi Günəş şüalarının səbəb olacağı su buxarlanması və okeanların yox olmasından daha əvvəl baş verəcək. Bu isə oksigenlə yaşayan insanlar və bir çox canlı növü üçün son deməkdir.

 

Georgia Texnologiya İnstitutundan Chris Reinhard bu dəyişikliyi belə izah edib: “Bugünkü ilə müqayisədə təxminən bir milyon dəfə az oksigen olan bir atmosferdən bəhs edirik".

 

Araşdırmaya görə, Yer kürəsinin oksigen baxımından zəngin olan həyat dövrü, planetin ümumi ömrünün cəmi 20-30 faizini əhatə edəcək. Oksigenin itməsiylə birlikdə bitkilər və fotosintez edən canlılar yox olacaq, lakin anaerob – yəni, oksigensiz mühitdə yaşayan mikroorqanizmlər mövcudluğunu davam etdirə biləcək.

 

Kazumi Ozaki bildirib: “Bu prosesdən sonra atmosfer yüksək metan səviyyəsinə, aşağı karbondioksid miqdarına malik olacaq və ozon təbəqəsi tamamilə yox olacaq. Yer anaerob həyat formalarının üstünlük təşkil etdiyi bir planetə çevriləcək".

 

TRT XƏBƏR

Lalə Qurbanlı