Kats Əş-Şaranı hədələyib, Şam hücumlara reaksiya verib

Tarix: 14:39 04.06.2025
İsrail ordusu Suriyaya qarşı artilleriya atəşlərinə başladığını açıqlayıb. Hərbi əməliyyatlara səbəb kimi Suriyadan atılan raketlər göstərilib. İsrailin müdafiə naziri Yisrael Kats, iki raketin Qolan Təpələrinə düşməsinə görə Suriya müvəqqəti dövlət başçısı Əhməd Əş-Şaranı məsul tutub.
İsrail mediası, Bəşər Əsəd rejiminin 8 dekabr 2024-cü ildə sona çatmasından sonra ilk dəfə bu çərşənbə axşamı Suriyadan İsrailə raket atıldığını bildirib. İsrail ordusu raket hücumları nəticəsində Qolan Təpələrinin cənubunda siqnalların çaldığını, raketlərin açıq sahəyə düşdüyünü və heç bir insan tələfatına və ya zərərə səbəb olmadığını qeyd edib. Suriya Xarici İşlər Nazirliyi isə İsrailin hücumlarının "əlamətdar insan və maddi itkilərə səbəb olduğunu" bildirib və ölkədən İsrailə raket atıldığına dair xəbərləri təkzib edib.
Nazirliyin açıqlamasında bildirilib: "Suriya heç vaxt bölgədə heç kim üçün təhdid olmayıb və olmayacaq".
Açıqlamada İsrailin hücumlarının "Suriyanın suverenliyinin açıq şəkildə pozulması" və "bölgədə gərginliyi artırması" vurğulanıb.
"Həddindən artıq çox tərəf öz maraqlarına xidmət etmək üçün bölgəni qeyri-sabitləşdirməyə çalışır" deyilən açıqlamada bu fikirlər də yer alıb:
"Cənub Suriyada əsas prioritet dövlət hakimiyyətinin genişləndirilməsi və rəsmi qurumlardan kənarda silahlı varlıqların aradan qaldırılmasıdır".
Suriyanın rəsmi xəbər agentliyi SANA, İsrailin artilleriya atəşi ilə ölkənin cənubunda, Dəra vilayətinin qərbində yerləşən Yermuk hövzəsini hədəf aldığını bildirib. İngiltərə mərkəzli Suriya İnsan Hüquqları Müşahidə Mərkəzi isə İsrailin artilleriya atəşindən əvvəl Suriyanın cənubuna hava hücumları da təşkil etdiyini bildirib.
BBC News
Fatimə Heydərova