Yeni Zelandiyada Maori deputatlarına sərt cəza

Tarix: 23:37 05.06.2025
Yeni Zelandiya parlamenti, mübahisəli qanun layihəsinə etiraz edən Maori Partiyasının üç deputatını səlahiyyətdən uzaqlaşdırıb. Onlar Nümayəndələr Palatasında Maori dilində haka ifa edərək etiraz ediblər.
Te Pati Maori həmsədrləri Rawiri Waititi və Debbie Ngarewa-Packer 21 gün müddətinə, parlamentin ən gənc üzvü Hana-Rawhiti Maipi-Clarke isə 7 günlüyə uzaqlaşdırılıb. İmtiyazlar komitəsi bu qərarın səbəbini "Palata üzvlərində qorxu hissi yarada biləcək" davranış kimi əsaslandırıb. Maipi-Clarke tövbə məktubu təqdim etdiyi üçün daha yüngül cəza alıb.
Bu, parlament tarixində tətbiq olunan ən sərt sanksiya kimi qiymətləndirilir. Əvvəllər səlahiyyətin dayandırılması maksimum 3 gün olub. Etirazçılar, Waitangi müqaviləsinin prinsiplərini hüquqi baxımdan müəyyənləşdirən qanun layihəsinin birinci oxunuşu zamanı çıxış ediblər. Maipi-Clarke qanunun bir nüsxəsini cıraraq etiraz edib və digər deputatlarla birlikdə sağçı partiya liderinə yaxınlaşıb. Bu hərəkətlər səsverməni dayandırıb və məsələ parlamentin imtiyazlar komitəsinə çıxarılıb.
Komitənin hesabatına görə, haka və digər Maori rəqsləri parlamentdə qeyri-adi olmasa da, belə çıxışlar üçün spikerdən əvvəlcədən icazə alınmalı idi. Maipi-Clarke isə çıxışında deyib: “Biz heç vaxt susmayacağıq. Səsimiz bu ev üçün çox yüksəkdirsə, deməli, bizi eşitməyin vaxtıdır".
Mənbə: Al Jazeera
Qəmər Kazımzadə