“ABŞ-nin bütün təklifləri İrana qarşıdır”-Xamenei

Bölmə: Siyasət › ,
Tarix: 22:19 04.06.2025

Uranın zənginləşdirilməsindən imtina İranın nüvə sənayesini yararsız hala salacaq və ölkəni digər dövlətlərdən asılı vəziyyətə qoyacaq.

 

Mövzu ilə bağlı “İnformator.az” a politoloq Asif Nərimanlı bildirir ki, ABŞ-nin bütün təkliflərinin İrana qarşı olduğu haqda dediyi fikirlər danışıqlar prosesini sıfırlamaq və yenidən başlamaq məqsədi daşıyır:

 

“İran ümumiyyətlə əvvəldən məqsədi zaman qazanmaq və Uranı nüvə silahı əldə edəcək səviyyəyə qədər zənginləşdirə bilməkdir. Bu, daha öncə anlaşmasının olduğu ilk dövrlərdə də daha sonra Trampın birinci hakimiyyəti dövründə Amerika bu prosesdən çəkildikdən sonra İran Uranı sürətlə zənginləşdirməyə başlayıb və həmin dövrdən etibarən zaman-zaman bu məsələ gündəmə gəlib. Beynəlxalq Atom mütəxəssisləri bildirirlər ki, Uranı kifayət qədər zənginləşdirir və nüvə silahı əldə etməsinə çox az qalıb. Bu kontekstdə dediyim kimi, İran əvvəldən nüvə silahını əldə edə bilməsi üçün Uranı həmin həddə qədər zənginləşdirə bilməsi üçün zaman qazanmağa ehtiyacı var. Sözsüz ki, bu zaman qazanmaq diplomatik müstəvidə aparılan danışıqlardan keçir. İran üçün Amerikada aparılan danışıqların əsas məqsədi də İrana qarşı hərbi müdaxilə ssenarisinin qarşısını almadı. Çünki bu, xüsusən İsrail tərəfindən gündəmə gəlib. 2023-cü ilin əvvəlindən başlayaraq bu məsələ xüsusi beynəlxalq müstəvidə aktuallaşdı və Trampın hakimiyyətə gəlişi bu təhlükəni daha da artırdı. Çünki Tramp digər Amerikanın əvvəlki administrasiyasından fərqli olaraq İran məsələsinə daha sərt mövqe sərgiləyir və bu da İsrailin İrana hərbi müdaxilə ssenarisini daha da aktuallaşdırır. İran isə bu prosesdə bir növ Amerikanın danışıqlar aparmaq təklifini qəbul etməklə hərbi müdaxilə ssenarisinin qarşısını alıb. İkincisi isə Uranın zənginləşdirilməsi üçün vaxt qazanır. Hesab edirəm ki, bu son təxminən beş raunddan artıqdır ki, artıq aparılan Amerika-İran danışıqlarında müəyyən bir nəticənin həllinə dair açıqlamalar var idi. Amma buna baxmayaraq qəfil Xameneinin bu açıqlaması, yəni bütün təkliflərin İrana qarşı olduğunu deməsi, danışıqları sıfırlamaq və yenidən başlamaq bununla zaman qazanmaq məqsədi daşıyır. Təbii ki, İran nüvə silahı əldə etməsi hədəfindən imtina etmək regional müstəvidə gücünü zəiflədir. Bu məsələdə daim digər ölkələrin, xüsusi beynəlxalq güclərin İranla hesablaşmağa və yaxud İranla danışıqlar aparılması, masa ətrafında oturmağa məcbur edir. İran bunu həm də “bıçaq” kimi istifadə edir. Təbii ki, bundan imtina edəcəksə, bu, İranın regiondakı strateji planlarının xüsusi imperiya maraqlarını etməsi deməkdir. Ona görə İran mənim fikrimcə, sona qədər müxtəlif yollarla, müxtəlif bəhanələrlə bu hədəfindən imtina etməyəcək”.

 

Həmçinin şərhçi qeyd edib ki, Amerikanın əsas məqsədi isə İranın imperiya maraqlarını sıradan çıxarmaqdır:

 

“Yəni İranın regionda digər ölkələr, xüsusən İsrailə təhdid yarada biləcək gücə malik olmasının qarşısını almaqdır. ABŞ istəmir ki, İran İsrailə təhdid yarada biləcək səviyyədə güclənsin. Bunun da əsas yolu şübhəsiz ki, nüvə danışığına keçir. Çünki İran indiyə qədər əslində müqavimət adı altında öz proksi qüvvələri ilə bu təhdid yaradıb. Amma son proseslərdə ciddi şəkildə “müqavimət oxu” zəiflədi. ABŞ-nin İrana qarşı irəli sürdüyü şərtlərdən biri də məhz siyasi və hərbi müstəvidə müxtəlif qrupları dəstəkləməməkdir. Yəni İranın qəbul etmədiyi məsələlərdən biri də budur. Çünki dediyim kimi, bu proksi qüvvələrinin olmaması nə qədər artıq kifayət qədər zəifləsə belə, İran yenə də müəyyən qruplar dəstəkləyir və onlar bu hədəfindən imtina etmirlər. Proksi qüvvələrin olmaması İranın regional müstəvidə planlarından imtina etməkdir və İranın qəbul etmədiyi də budur. Burada hesab edirəm ki, Amerikanın əsas məqsədi İranı zəiflətməkdirsə, İranın da əsas məqsədi heç də deyək ki, nüvə sənayesinə malik olmaq, yaxud Uranı dinc məqsədlər üçün istifadə etmək deyil. Əsas hədəf əvvəldən nüvə silahının əldə edilməsi olub. Tərəflərin anlaşmadığı əsas məqam da budur. Yəni bir növ tərəflər masada bir-birinə loyal münasibət sərgiləsə də, amma hər iki tərəfin əsas niyyətinin nə olduğunu bilir. Ona görə bu cür danışıqlarda nəticə əldə etmək kifayət qədər çətindir”.

 

Son olaraq politoloq bildirib ki, mənim fikrimcə, Xameneinin açıqlamasından sonra bu danışıqlar yenidən sıfırlanacaq:

 

“Artıq Amerika üçün seçim yaranır. Ya İrana hərbi müdaxilə edilməlidir, ya da yenidən danışıqlar masasına əyləşir və əvvəlki tələblərini korrektə etməlidir. Mövcud vəziyyətdə, xüsusən Ukraynada münaqişənin başa çatmadığı müddətdə Amerikanın İrana “hərbi müdaxilə ssenarisini” qəbul edəcəyini düşünmürəm. Bu halda isə ABŞ yenidən başlanması masasına əyləşməli və İranla yeni bir gündəlikdə müzakirə etməlidir. Fikrimcə, Xameneinin məqsədi də budur. Yəni mövcud vəziyyətdə İran rəhbərliyi bilir ki, tamamilə danışıqlardan imtina etmək Amerikanın tələblərinə müəyyən qədər loyallaşması və geri çəkilməsinə səbəb ola bilər. Bir növ bu da diplomatik manevr kimi qəbul edilməlidir. Fikrimcə, İran və ABŞ danışıqları bu formada, yəqin ki, davam edə bilər. Yəni, nə konkret razılaşma əldə ediləcək, amma müzakirələr də başa çatmayacaq. Zaman-zaman bu cür müzakirə masaları qurulacaq və davam edəcək”.


Aysel Mirzəyeva