Dünya dövlətləri Trampla danışmaqdan imtina edir

Bölmə: Siyasət › ,
Tarix: 22:38 05.06.2025

ABŞ Prezidenti Donald Tramp 48 saat ərzində dünya liderlərindən üç rədd cavabı alıb. Bu barədə “Blumberq” məlumat yayıb.

 

“Söhbət Rusiya, Çin və İran liderlərindən gedir. Bu, onun seçki kampaniyası zamanı müqavilə bağlayacağına söz verdiyi ölkələrdir. Tramp Ukraynadakı münaqişəyə son qoyacağına, Çin sədri Si Cinpinlə ticarət razılaşmasına nail olacağına və İranın nüvə proqramı ilə bağlı saziş imzalayacağına söz verib. Lakin o, verdiyi vədləri yerinə yetirməyib”, – məlumatda deyilib.

 

Mövzu ilə bağlı Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə "İnformator.az"a açıqlamasında bildirib ki, Donald Tramp hakimiyyətə gələndə bir sıra vədlər verib:

 

"Bu vədlərlə həm xalqın dəstəyini qazanıb, həm də siyasi mövqeyini gücləndirib. Tramp administrasiyası diplomatik sahədə müəyyən uğursuzluqlar yaşasa da, bu hallar ABŞ-nin qlobal mövqeyinə ciddi təsir göstərməyib. Administrasiya bəzi vədləri yerinə yetirməzdən əvvəl prosesləri ya sürətləndirib, ya da ləngidib. Bu yanaşma onların siyasi məqsədlərə çatmaq üçün istifadə etdiyi strategiyanın bir hissəsidir.

 

Rusiya–Ukrayna müharibəsi gündəmin əsas mövzularındandır. Tramp bu müharibəni qısa müddət ərzində başa çatdıracağını bildirib, lakin bu məqsədə nail ola bilməyib. Münaqişənin gedişatında ABŞ-dan asılı olmayan müxtəlif amillər də mühüm rol oynayıb".

 

Politoloq əlavə edib ki, ABŞ bu proseslər fonunda öz maraqlarını da qorumağa çalışır:

 

"30 aprel tarixində mineral resurslarla bağlı bağlanan sazişlər ölkə büdcəsinə əhəmiyyətli gəlir gətirib. Çin və ABŞ arasında davam edən iqtisadi rəqabət qlobal sistemdə mühüm yer tutur. Bu qarşıdurma siyasi rəhbərliyin kimliyindən asılı olmayaraq davam edəcək və yaxın gələcəkdə də bu dinamika dəyişməyəcək.

 

İranla bağlı vəziyyət isə gələcəkdə daha da aktuallaşacaq. ABŞ ya diplomatik uzlaşma yolunu seçəcək, ya da təzyiq siyasəti tətbiq edəcək. Bu qərarları ölkənin xarici siyasət kursu müəyyənləşdirəcək və proseslərin nəticələri zamanla aydınlaşacaq.

 

ABŞ qlobal problemlərin hamısını üzərinə götürmək niyyətində deyil. Hazırda yürüdülən siyasət daha çox düşünülən, strateji maraqlara hesablanan və şahmat taxtasındakı dəqiq gedişləri xatırladan addımlardan ibarətdir".

 

Aytən Ağazadə