İran İsrailə aid gizli sənədləri açıqlayacağını bildirir

Tarix: 11:49 09.06.2025
İranın Kəşfiyyat naziri İsmail Xətib İsrailin nüvə proqramı, müdafiə imkanları və beynəlxalq əlaqələri ilə bağlı sənədlərin yaxın vaxtda açıqlanacağını deyib. Onun sözlərinə görə, sənədlər “xəzinə” dəyərindədir və ölkənin müdafiə mövqeyini gücləndirə bilər. O, sənədlərin həcminin böyük olduğunu və təhlükəsiz şəkildə Tehrana çatdırıldığını qeyd edib.
Xətib sənədlərin hansı yollarla əldə edildiyini deməsə də, onların artıq “təhlükəsiz" yerlərdəsaxlanıldığını bildirib. İsrail isə məsələ ilə bağlı şərh verməyib. Bu məlumatlar iki ölkə arasında illərdir davam edən gizli qarşıdurmanın bir hissəsi kimi qiymətləndirilir. İran İsraili öz nüvə alimlərini hədəfə almaqda, İsrail isə İranı bölgədəki silahlı qrupları dəstəkləməkdə günahlandırır.
ABŞ son vaxtlar İsraili İrana qarşı hücum planlarını dayandırmağa çağırıb. BMT-nin Atom Enerjisi Agentliyi isə İranın gizli nüvə fəaliyyəti ilə bağlı yeni hesabat təqdim edib. İran isə nüvə texnologiyasını dinc məqsədlərlə inkişaf etdirmək istədiyini bildirir. Ali Rəhbər Əli Xamenei ABŞ-nin İranın zənginləşdirmədən imtina etməsi tələbinin qəbuledilməz olduğunu deyib və bu tələbləri ölkənin maraqlarına zidd adlandırıb.
Al Jazeera
Qəmər Kazımzadə