Mark Rutte: "Rusiya 5 il ərzində NATO-ya hücum edə bilər"

Tarix: 21:26 09.06.2025
Rusiya hərbi potensialını artırır və beş il ərzində NATO dövlətlərinə qarşı hərbi güc tətbiq etməyə hazır olacaq.
"İnformator.az" "European Pravda"ya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte iyunun 9-da Londonda "Chatham House"da çıxışı zamanı deyib.
Alyansın baş katibi əmindir ki, Rusiya hərbi istehsalı artırmaqla beş ildən sonra NATO-ya hücum etməyə imkan verəcək səviyyəyə çatacaq.
"Rusiya Çin, Şimali Koreya və İranla birləşir. Onlar öz ordusunu və imkanlarını genişləndirirlər. Putinin döyüş maşını sürətlənir, ləngimir. Rusiya Çin texnologiyasının köməyi ilə gücünü bərpa edir və düşündüyümüzdən daha çox silah istehsal edir", - o izah edib.
NATO baş katibinin sözlərinə görə, təkcə silah-sursat baxımından Rusiya bütün NATO dövlətlərinin bir ildə istehsal etdiyini üç ayda istehsal edir.
"Rusiyanın müdafiə sənayesi bazasında təkcə bu il 1500 tank, 3000 zirehli maşın və 200 "İsgəndər" raketi istehsal ediləcəyi gözlənilir", o əlavə edib.
"Gəlin özümüzü aldatmayaq. İndi hamımız şərq cinahındayıq. Yeni nəsil Rusiya raketləri səs sürətindən bir neçə dəfə yüksək sürətlə hərəkət edir. Avropa paytaxtları arasında məsafə bir neçə dəqiqədir. Artıq nə Şərq, nə Qərb var. Yalnız NATO var", - Mark Rutte vurğulayıb.