Aİ Rusiya nüvə yanacağına məhdudiyyətləri təxirə salıb

Bölmə: Dünya › ,
Tarix: 17:30 16.06.2025

 

Avropa İttifaqı Rusiya nüvə yanacağının idxalını məhdudlaşdırmaq planlarını təxirə salacaq və ilk növbədə 2027-ci ilə qədər Rusiya qazından mərhələli şəkildə imtina etməyə diqqət yetirəcək. Bu barədə Avropa Komissiyası məlumat verib.

 

Bunun əvəzinə, diqqət Rusiya qazının idxalına son qoymaq üçün qanunvericilik səylərinə yönəldiləcək. Nüvə yanacağına tətbiq olunacaq məhdudiyyətlər hələ də planlaşdırılır, lakin bununla bağlı yeni tarix açıqlanmayıb.

 

Aİ-nin enerji üzrə komissarı Dan Jorgensen məsələnin mürəkkəb olduğunu bildirib. Belə ki, bir neçə Aİ ölkəsi Rusiya texnologiyası və yanacağından asılıdır və bu asılılığa qəfil son qoyulması enerji təhlükəsizliyini risk altına ala bilər. 2023-cü ildə Rusiya Aİ-nin zənginləşdirilmiş uran ehtiyacının 38%-ni, xam uran ehtiyacının isə 23%-ni təmin edib.

 

Beş Aİ ölkəsi — Bolqarıstan, Çexiya, Finlandiya, Macarıstan və Slovakiya — Rusiya istehsalı olan nüvə reaktorlarından istifadə edir. Onlardan yalnız Macarıstan alternativ yanacaq tədarükü ilə bağlı hələ razılaşma əldə etməyib. Lakin texniki məhdudiyyətlər səbəbilə tam keçidin həyata keçirilməsi bir neçə il çəkəcək. 2024-cü ildə Aİ Rusiyadan enerji idxalına ümumilikdə 23 milyard avro xərcləyib, bunun 1 milyard avrosu nüvə yanacağına yönəlib.

 

ANEWZ

Gülhüseynova Güllər