"Türkiyə İslam ümmətini tək qoymayacaq”-SƏS-KÜYLÜ AÇIQLAMA

Tarix: 00:26 18.06.2025
“Türkiyə İsrail-İran müharibəsi ilə bağlı üzərinə düşən hər şeyi etməyə hazırdır”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra çıxışında deyib.
Ərdoğan bu məqsədlə müxtəlif ölkələrin liderləri ilə danışıqlar aparıb:
“Mümkün problemin həlli diplomatiya və dialoq yolu ilə mümkündür. İrana hücum təkcə İrana aid olan hadisə deyil”, – deyə dövlət başçısı vurğulayıb.
Regionda baş verən gərginliyi “İnformator.az”a şərh edən analitik Kənan Novruzov açıqlamasında bildirib ki, Türkiyə bütün ssenarilərə hazırdır:
“O cümlədən, bu, perspektivdə hansısa formada konfliktdə iştirakı ehtimalını da əhatə edir. Hər halda bunu istisna etmək olmaz. Hətta bəzilərinə görə, İsrailin növbəti hədəfi Türkiyə ola bilər. Mən isə buna inanmıram. İsrailin buna gücü və imkanı yoxdur. Türkiyəyə qarşı hər hansı hücum NATO-ya elan olunmuş sayılar. Bu, çox böyük bir fəlakət olar. Türkiyə İsrailə qarşı radikal mövqedədir. Mən bunu başa düşürəm və qəbul edirəm. Türkiyə İsrailin bir çox addımlarını – bəlkə də bütün addımlarını qəbul etmir”.
Siyasi şərhçi əlavə edib ki, İranda və bir çox mühüm bölgələrdə elə faktorlar var ki, onlar Türkiyənin oyun qurmaq imkanlarını xeyli çətinləşdirir və “əl-qolunu” bağlayır:
“Bu, Suriya və İraqdır. Cənubi Qafqazda xüsusilə Zəngəzur dəhlizinin açılması məsələsində İran Türkiyənin yoluna əngəl yaradır. Bu mənada, əslində, İranın bu formada zəiflədilməsi, İrana təzyiqlər və s. Türkiyənin maraqlarına uyğundur. Düzdür, müharibənin genişlənməsi artıq Türkiyənin maraqlarına cavab verməyəcək. Əgər müharibə genişlənərsə, İsrail dayanmazsa və savaş digər müsəlman ölkələrinə keçərsə, o zaman Türkiyə hansısa məqamda hərbi müdaxiləyə məcbur qala bilər. Türkiyə İslam ümmətini tək qoymaz. Hələlik Türkiyə təmkinli davranacaq. Təxminən 3–4 gün, bəlkə də 1 həftə. Bu müddət ərzində qapalı formada müəyyən danışıqlar apara bilər. Bundan sonra, əgər döyüşlər və müharibə davam edərsə, növbəti mərhələdə Türkiyənin intensiv diplomatik səyləri olacaq. Hətta Türkiyə tərəfləri barışdırmağa cəhd edəcək və çalışacaq ki, bu proses onun moderatorluğu ilə baş tutsun. Düzdür, Türkiyə İsraillə bir masa arxasında oturmaq istəməz. İsrail də Türkiyənin vasitəçiliyini qəbul etməz. Amma Türkiyə hansısa məqamda onları razı salmağa çalışa bilər. Çünki bu cür vasitəçilik diplomatiyada ciddi dividend sayılır. Türkiyənin də bu sahədə kifayət qədər təcrübəsi var”.
Kənan Novruzovun sözlərinə görə, Türkiyə Azərbaycandan da istifadə edə, Azərbaycanın dəstəyindən yararlana bilər:
“Hətta deyə bilərik ki, nəinki Türkiyə, Azərbaycan İsraillə İran arasında daha real vasitəçi ola bilər. Mümkündür ki, gələcək proseslərdə bu iki qardaş dövlət koordinasiyalı şəkildə hərəkət etsin. Əgər bu da nəticə verməsə və eskalasiya davam etsə, bütövlükdə müsəlman aləmi üçün təhlükə yaranarsa, o zaman üçüncü bir variant kimi Türkiyə hərbi müdaxilə məsələsini gündəminə gətirə bilər. Amma bu, yaxın perspektiv üçün real görünmür”.
Vüqar Alışov
Ləman Mahmudlu