Azərbaycan Kağızsız Ticarət Şurasının 4-cü sessiyasında iştirak edib

Bölmə: İqtisadiyyat › ,
Tarix: 14:33 18.06.2025

Azərbaycan BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) təşkilatçılığı ilə Kağızsız Ticarət Şurasının 4-cü sessiyasında və Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üzrə Çərçivə Sazişinin Daimi Komitəsinin 4-cü sessiyasında iştirak edib.

 

"İnformator.az" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

 

Bildirilib ki, Tailandın paytaxtı Banqkokda baş tutmuş tədbirdə ölkəmizi Komitə sədrinin müavini Natiq Şirinovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

 

Sessiyalar Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üzrə Çərçivə Sazişinin həyata keçirilməsi üçün prioritet məsələlərin və fəaliyyətin müəyyən edilməsi məqsədilə keçirilib.


Çərçivə Sazişinin Daimi Komitəsinin 4-cü sessiyasında prioritet vəzifələrin icrası ilə bağlı məsləhətləşmələr, Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üçün Milli Komitələrin təsis edilməsi, sənədlərin elektronlaşdırılması və qarşılıqlı tanınması, fərdi fəaliyyət planları barədə fikir mübadiləsi aparılıb, potensialın gücləndirilməsi strategiyaları və əməkdaşlıq planları müzakirə olunub. Kağızsız Ticarət Şurasının iki günlük sessiyasında üzv dövlətlərin yekdil səsverməsi ilə N.Şirinov Kağızsız Ticarət Şurası iclasının sədr müavini seçilib.


Sessiyada Daimi Komitənin təqdim etdiyi tövsiyələr müzakirə edilib, üzv dövlətlərin məruzələri dinlənilib.