Qəzzanın işğalı tamamilə İsrailin qərarına bağlıdır-Tramp

Bölmə: Dünya › ,
Tarix: 11:46 06.08.2025

ABŞ Prezidenti Donald Tramp soyqırımçı İsrailin “Qəzza zolağını tamamilə işğal etmək planı” ilə bağlı şərh verməkdən imtina edib, bu məsələ ilə bağlı qərarın İsrailə məxsus olduğunu bildirib.


Tramp, Ağ Evdə keçirdiyi imza mərasimindən sonra jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.


ABŞ Prezidenti Tramp “İsrailin Qəzzanı yenidən işğal etmək planını dəstəkləyirsinizmi?” sualına belə cavab verib:
“(İsrailin) Bu məsələdə təklifi nədir, bilmirəm. Bu, tamamilə İsrailin qərar verəcəyi bir məsələdir. Hazırda oradakı insanlara ərzaq çatdırmağa çalışırıq. Qəzza sakinlərinin açıq şəkildə qida baxımından vəziyyəti yaxşı deyil. Mən buna diqqət yetirirəm”.


Digər tərəfdən, Tramp Qəzzaya ərzaq yardımlarının paylanması məsələsində İsraillə birlikdə çalışdıqlarını və bəzi ərəb dövlətlərinin də bu yardımlara maliyyə dəstəyi verəcəyini bildirib.


ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Brus isə İsrail Baş naziri Benyamin Netanyahunun “Qəzzanın tam işğalı” da daxil olmaqla yeni hücum planları hazırlaması ilə bağlı xəbərlərə münasibət bildirməkdən çəkinib.


İsrail dövlət televiziyası KAN-a danışan məlumatlı israilli mənbə, Netanyahunun Qəzza zolağını tamamilə işğal etməyə meylli olduğunu deyib.


İddialara görə, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir isə Qəzzanın tamamilə işğal ediləcəyi plana qarşıdır. Netanyahunun ofisindən Zamirə “Əgər Qəzzanın tam işğalı planı sənə uyğun deyilsə, istefa verməlisən” mesajının göndərildiyi bildirilir.


TRT HABER
Solmaz Muradova