Azərbaycan və Avstriya arasında iqtisadi əməkdaşlıq genişlənir-Natiq Cəfərli

Bölmə: İqtisadiyyat › ,
Tarix: 17:17 18.06.2025

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Vyanada keçirilən OPEC Beynəlxalq İnkişaf Fondu forumu çərçivəsində Avstriyanın əmək və iqtisadiyyat naziri Volfqanq Hattmannsdorferlə görüşüb. Görüşdə iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı, həmçinin enerji, sənaye və texnologiya kimi strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.


Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanla Avstriya arasında iqtisadi əməkdaşlıq yeni imkanlar və strateji üstünlüklər yarada bilər:


“Azərbaycanla Avstriya arasında ticarət dövriyyəsi o qədər də yüksək deyil, amma artım potensialı kifayət qədər çoxdur. Çünki Şimali İtaliya ilə Avstriya arasında qaz kəmərləri xətləri mövcuddur. İtaliya isə bizim əsas qaz alıcımızdır və Avstriyanın qaz paylayıcı şəbəkəsi var. Gələcəkdə anlaşmalar olarsa, Avstriya vasitəsilə istənilən Mərkəzi Avropa ölkələrinə enerji çatdırmaq mümkün ola bilər”.


Ekspert qeyd edir ki, bu əməkdaşlıq təkcə enerji sahəsi ilə məhdudlaşmır:


“Avstriya ilə Azərbaycan arasında kənd təsərrüfatı və turizm sahələrində də əlaqələrin genişləndirilməsi imkanları mövcuddur. Əsas məsələ ticarət dövriyyəsinin artırılmasıdır. Çünki bu gün göstəricilər hər iki ölkənin potensialına uyğun səviyyədə deyil”.


Natiq Cəfərli vurğulayıb ki, bu kimi görüşlər gələcəkdə yeni layihə və müqavilələrin imzalanmasına zəmin yarada bilər:


“Çox güman ki, yeni əlaqələr, yeni müqavilələr, yeni danışıqlar ticarət dövriyyəsinin artırılmasına xidmət edən amillərə çevriləcək”.


Solmaz Muradova