Karyera Seçimində Yeni Çağırışlar və Ümidlər-Gənclərin Gələcək Planları

Bölmə: Sosial › ,
Tarix: 20:21 18.06.2025

Bu gün gənclərin gələcək planları və karyera seçimi məsələsi daha aktuallaşıb. Onların arzuları, məqsədləri və hədəfləri necə formalaşır? Hansı sahələrə daha çox maraq göstərirlər?

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsilin idarə olunması üzrə mütəxəssis, fəlsəfə doktoru Qoşqar Məhərrəmov bildirib ki, gənclərin gələcək planlarını uğurla reallaşdırması üçün dövlət və təhsil müəssisələri daha aktiv rol oynamalıdır:

 

"Müasir dövrdə abituriyentlərin, şagirdlərin və tələbələrin məqsəd və hədəfləri əsasən kompüter texnologiyaları və informasiya-kommunikasiya sahələrinə yönəlir. Mühəndislik ixtisasları da bu baxımdan ön plana çıxır. Bu yönəlişin səbəbi aydındır: dünya miqyasında kompüter inqilabı yaşanır və bu inqilabın təsiri bütün peşə və sahələrə sirayət edir. Şagirdlər bu reallığı gündəlik həyatlarında müşahidə edir, eyni zamanda əmək bazarında bu sahələrin yüksək gəlir gətirdiyini görür, eşidir, bunun fərqinə varırlar. Nəticə etibarilə, gənclərin əksəriyyəti bu istiqamətlərə yönəlir.Bununla yanaşı, riyazi bilikləri zəif, dəqiq elmlərə marağı az olan şagirdlər isə daha çox klassik humanitar sahələri seçirlər. İqtisadiyyat, beynəlxalq münasibətlər, logistika, hüquq və tibb kimi uzun illərdir cəlbedici olan sahələr bu gün də aktuallığını qoruyur. Bundan başqa, yeni ixtisas istiqamətləri də formalaşır. Məsələn, sosial iş və psixologiya sahələrinə olan maraq son illər artmaqdadır. Müasir təhsil sistemi, təəssüf ki, gəncləri karyeraya hazırlamaq baxımından yetərli deyil. Orta məktəblərdə şagirdlərin maraq və bacarıqlarını müəyyən edən, onları düzgün istiqamətləndirən karyera məsləhətçiləri mövcud deyil. Bu səbəbdən müəllimlər şagirdlərə yalnız şəxsi təcrübələrinə və fərdi yanaşmalarına əsaslanaraq istiqamət verir. Bu isə çox vaxt düzgün nəticə vermir. Peşə və ixtisas seçimi bəzən yanlış olur, nəticədə karyera yönümü qeyri-dəqiq və təsadüfi şəkildə həyata keçirilir. Bu problemin həlli kimi, məktəblərdə karyera üzrə mütəxəssislərin işə cəlb olunması vacibdir. Əgər hər 500 şagirdə bir karyera məsləhətçisi təyin olunsa, bu sahədə irəliləyiş mümkün olar.Gənclərin gələcək planlarını uğurla reallaşdırması üçün dövlət və təhsil müəssisələri daha aktiv rol oynamalıdır. İlk növbədə, məktəblərdə yeni ştat yerləri yaradılmalıdır. Məsələn, sosioloqlar, psixoloqlar və karyera mütəxəssisləri təhsil müəssisələrində mütləq şəkildə fəaliyyət göstərməlidir. Bu mütəxəssislər şagirdlərlə fərdi şəkildə işləməli, onların maraq və qabiliyyətlərini öyrənməli və uyğun istiqamət göstərməlidir. Əmək bazarında baş verən sürətli dəyişikliklər təhsil proqramlarında da yeniliklərə ehtiyac yaradır. Proqramlar yalnız məzmun baxımından deyil, müəllimlərin yanaşması baxımından da yenilənməlidir. Artıq İKT, süni intellekt və internet əsas iş vasitələrinə çevrilib. Müəllimlər bu texnologiyaları mənimsəməli, şagirdlərə məlumat axtarmağı, toplamağı və emal etməyi öyrətməlidirlər. Məktəblər və sinif otaqları da dəyişən dövrlə ayaqlaşmalı, texnoloji və metodik baxımdan yenilənməlidir. Hazırda klassik təhsil sistemi bu dəyişikliklərə yetərincə cavab verə bilmir. Nəticədə məktəblər arxaikləşir, şagirdlər üçün marağını itirir, məktəbə davamiyyət azalır".


Qəmər Kazımzadə