Buraxılış imtahanlarında dinləmə mətnləri-Texniki problemlər və təşkilati həllər

Tarix: 21:44 18.06.2025
Azərbaycanda buraxılış imtahanlarında xarici dil üzrə dinləmə tapşırıqları mühüm yer tutur. Bu mərhələdə şagirdlərə səsləndirilən mətni başa düşmək tələb olunur və bunun üçün xüsusi texniki qurğulardan istifadə edilir. Lakin bir çox abituriyent dinləmə zamanı səsin aydın eşidilmədiyini və bu halın nəticələrə mənfi təsir etdiyini bildirir. Məsələnin aktuallığı texniki təminatla yanaşı, metodoloji və təşkilati yanaşmaların da təkmilləşdirilməsini gündəmə gətirir.
Bu mövzu ilə bağlı “İnformator.az”a təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, ümumiyyətlə, Dövlət İmtahan Mərkəzində imtahan başlayar-başlamaz dinləmə mərhələsi keçirilir:
"İmtahan başlayanda qapılar bağlanır və dərhal dinləmə mətni səsləndirilir. Dinləmə üçün istifadə olunan qurğunu otağın ön hissəsinə qoyurlar. Səs elə tənzimlənir ki, sonuncu partaya qədər eşidilsin. Dinləmə mətni bitdikdən sonra imtahan rəhbəri otağa daxil olur və tələbələrdən soruşur: 'Hər kəs dinləyə bildimi? Problem olmadı?' Əgər kimsə eşidə bilmədiyini desə, bu barədə imtahan rəhbərinə birbaşa məlumat verə bilər. Zərurət yaranarsa, dinləmə yenidən təkrar oluna bilər. Əgər qurğuda hər hansı problem baş verərsə, başqa otaqda olan ehtiyat qurğu gətirilir və mətn yenidən səsləndirilir.
Texniki problemlər istisna deyil. Məsələn, səs keyfiyyəti aşağı ola bilər və ya bərabər paylanmaya bilər. Bu halda qurğu dəyişdirilərək problem aradan qaldırılır".
Ekspert əlavə edib ki, son illərdə Dövlət İmtahan Mərkəzi dinləmə mətnlərinin səsləndirilməsi üçün daha yeni və müasir qurğulardan istifadə edir:
"Eyni zamanda, ehtiyat qurğular əvvəlcədən nəzərdə tutulmasa da, əgər hər hansı otaqda dinləmə zamanı problem yaşanarsa, abituriyentlər digər suallara keçirlər. Daha sonra başqa otaqdan yeni qurğu gətirilir və dinləmə mətninə yenidən qulaq asılır. Proses bu şəkildə davam etdirilir. Ümumiyyətlə, heç kim tam əminliklə deyə bilməz ki, dinləmə zamanı heç bir problem olmur. Təcrübə göstərir ki, dinləmə mərhələsində müəyyən çətinliklər yaşanır, lakin bu problemlər alternativ texniki və təşkilati vasitələrlə yerindəcə aradan qaldırılır. Mən deyərdim ki, dinləmə qurğuları baxımından Dövlət İmtahan Mərkəzi olduqca tədbirlidir, peşəkardır və prosesə ciddi nəzarət edilir. Yaranan problemlər isə operativ və sistemli şəkildə həll olunur".
Nigar Həsənzadə