"Əvvəlcə Rusiya ilə bağlı vəziyyəti həll edək"-Tramp

Tarix: 21:44 18.06.2025
ABŞ Prezidenti Donald Tramp hələ ki, Rusiya lideri Vladimir Putinin İran və İsrail arasındakı münaqişənin həllinə kömək təklifi ilə maraqlanmadığını bəyan edib. "Rusiya Prezidenti Vladimir Putin vasitəçilik etməyi təklif edib. Mən isə ona dedim ki, gəlin əvvəlcə Rusiya ilə bağlı vəziyyəti həll edək. Sonra isə İranla məşğul ola bilərsiniz", – ABŞ Prezidenti vurğulayıb.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elman Vəliyev bildirib ki, ABŞ neytral deyildir:
"O, bu müharibənin ən əsas qurucusudur. İsrail ABŞ-ni təhrik edir və onun müharibəyə daxil olmasını istəyir. Rusiyanın münaqişədə vasitəçi kimi iştirak etmək istəməsi məntiqlidir. Ancaq məntiqsiz tərəfi bundadır ki, niyə indiyə qədər susqun dayanıb? Rusiya isə hazırda daha da dar bir alana sıxışır. O, İsrailin Yaxın Şərqdə daha da gücləndiyini görür. Rusiya buna görə də daha çox addım atmalıdır. Trampın cavabının isə Rusiya–ABŞ münasibətlərinə ciddi təsir edəcəyini düşünmürəm. Çünki bu kimi müzakirələr daha öncə də olub".
Aygün Babayeva