Bakıdan dolayı xəbərdarlıq

Bölmə: Siyasət › ,
Tarix: 14:16 20.06.2025

 

İsrail–İran gərginliyi fonunda İranın azərbaycanlıların yaşadığı bölgələrinin də hədəfə çevrilməsi rəsmi Bakının narahatlığına səbəb olub. Azərbaycan bu məsələ ilə bağlı İsrailə dolayı diplomatik kanallarla xəbərdarlıq edib. Rəsmi Bakı soydaşların təhlükəsizliyini qorumaqla yanaşı, İran və İsraillə münasibətlərdə balanslı mövqe tutmağa çalışır.

 

Mövzu ilə əlaqədar politoloq Turan Rzayev "İnformator.az"a bildirib ki, İsrail və İran arasında gərginliyin artdığı bir vaxtda, İranın şimal-qərbində — əsasən azərbaycanlıların yaşadığı bölgələrdə — hərbi əməliyyatların aparılması rəsmi Bakının narahatlığına səbəb olub:


"Azərbaycan dövləti müxtəlif diplomatik kanallar vasitəsilə İsrail tərəfinə mülki əhalinin, xüsusilə azərbaycanlıların yaşadığı yaşayış məntəqələrinin hərbi hədəfə çevrilməməsi ilə bağlı xəbərdarlıq ünvanlayıb.

 

Rəsmi Bakı bu yanaşması ilə balanslı və praqmatik diplomatiya yürütməyə üstünlük verir. Belə ki, Azərbaycanın həm İranla, həm də İsraillə strateji münasibətləri mövcuddur. Bu səbəbdən Bakı, gərginliyin artmaması üçün birbaşa deyil, dolayı diplomatik yollarla narahatlığını ifadə etməyə çalışır.


Prezident İlham Əliyevin daha əvvəl Səmərqənddə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında səsləndirdiyi “Biz sərhədlərimiz xaricindəki soydaşlarımızın taleyinə biganə qala bilmərik” fikri bu gün xüsusilə aktuallaşır. Bu mövqe Azərbaycanın dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların təhlükəsizliyini dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qəbul etdiyini göstərir".

 

Ekspert əlavə edib ki, Rəsmi Bakı həm də bu məsələdə İran daxilində yaşayan soydaşların təhlükəyə düşməsinin qarşısını almağa çalışır:

 

" Əgər Azərbaycan açıq şəkildə İsrailə müraciət etsəydi, bu, Tehran tərəfindən daxili təxribat kimi qiymətləndirilə bilər, bu isə həm ikitərəfli münasibətlərə zərər vurardı, həm də həmin ərazilərdə yaşayan azərbaycanlılar üçün əlavə risklər yarada bilərdi.

 

Eyni zamanda, Azərbaycan–İsrail əlaqələrinin strateji xarakteri danılmazdır. Bu əməkdaşlıq təkcə müdafiə və təhlükəsizlik sahələrini deyil, həm də enerji, su ehtiyatları və yüksək texnologiyalar sahələrini əhatə edir. Bu səbəbdən Azərbaycan tənqid və qarşıdurma yolu ilə deyil, qarşılıqlı anlaşma və əməkdaşlıq çərçivəsində narahatlıqlarını çatdırmağa çalışır.

 

Nəticə etibarilə, Azərbaycan İsrail–İran münaqişəsi fonunda mülki əhalinin, xüsusilə soydaşlarımızın qorunmasına önəm verir və beynəlxalq hüquqa sadiq qalaraq regional sabitliyin təmin edilməsinə töhfə verməyə davam edir".


Türkan Kərimli