Azərbaycan diplomatları Xankəndidə toplaşır

Bölmə: Siyasət › ,
Tarix: 19:09 08.07.2025

 

9 iyul - Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günündə Xankəndi şəhərində xüsusi sessiya keçiriləcək.Bu barədə diplomatik xidmət orqanlarının rəhbərlərinin ötən gün Bakıda keçirilən IX müşavirəsində qeyd olunub.

 

9 iyul - Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günündə müşavirə öz işini Xankəndi şəhərində keçiriləcək xüsusi sessiya ilə davam etdirəcək” - məlumatda bildirilib.

Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Xankəndi artıq qlobal mesajların verildiyi bir məkana çevrilib:

 

“EKO-nun 17-ci sammitinin məhz Xankəndidə keçirilməsi, orada qlobal əhəmiyyət daşıyan mesajların verilməsi, sənədlərin qəbul olunması və anlaşmaların imzalanması onu göstərir ki, bu gün Qarabağ regionun mərkəzinə çevrilməkdədir.Bütövlükdə, diplomatlarımızın Xankəndidə keçirilən görüşü də mühüm strateji əhəmiyyət daşıyır. Bu, Azərbaycanın həyata keçirdiyi çox vektorlu siyasətin – həm Qərblə, həm də Şərqlə əməkdaşlığın tərkib hissəsidir”.

 

Vüqar Bayramov əlavə edib ki, eyni zamanda, artıq bərpa olunan və inkişaf edən Qarabağın, o cümlədən Xankəndinin regional mövqeyinin möhkəmləndirilməsi ölkənin əsas prioritetlərindən biridir:

 

“Həm EKO sammitinin, həm də son görüşlərin Xankəndidə keçirilməsi bir daha beynəlxalq qurumlara və dünya ictimaiyyətinə açıq mesajdır. Xankəndi və bütövlükdə işğaldan azad olunan Qarabağ artıq Azərbaycan iqtisadiyyatına reinteqrasiya olunur.Çünki ilk mərhələdə burada iqtisadiyyatın formalaşdırılması, növbəti mərhələdə isə reinteqrasiyası əsas hədəf olub”.

 

Vüqar Bayramov qeyd edir ki, EKO sammitindən sonra da Xankəndidə bir neçə mühüm görüş keçirilib:


“Qeyd etmək lazımdır ki, EKO-nun 17-ci sammiti kifayət qədər böyük və həm regional, həm də qlobal əhəmiyyət daşıyan bir tədbir idi – və bu tədbirin Xankəndidə keçirilməsi olduqca rəmzi xarakter daşıyıb. Bu isə onu göstərir ki, ilin doqquzuncu belə tədbiri daxil olmaqla, biz artıq növbəti mərhələyə qədəm qoyuruq. Qarabağda və xüsusilə də Xankəndidə daha çox beynəlxalq tədbirlərin və görüşlərin keçirilməsi müşahidə olunacaq”.

Ləman Mahmudlu