Britaniya Azərbaycanın əsas iqtisadi tərəfdaşına çevrilib-İqtisadçı

Bölmə: İqtisadiyyat › ,
Tarix: 15:36 20.06.2025

Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq son illərdə strateji əhəmiyyət qazanıb. Bu əlaqələr xüsusilə işğaldan azad edilmiş ərazilərə sərmayələrin yatırılması, bərpa olunan enerji layihələri və COP29 çərçivəsində aparılan təşəbbüslərlə daha da möhkəmlənməkdədir.


Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, Böyük Britaniya Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir:


“Böyük Britaniya Azərbaycana ən çox birbaşa xarici investisiya yatıran ölkədir. Hətta yaxın qonşularımızdan belə daha çox sərmayə qoyub. BP şirkəti uzun illərdir Azərbaycanın neft-qaz sənayesində əsas operator kimi çıxış edir. Bu baxımdan iqtisadi əlaqələrimiz hər zaman yüksək səviyyədə olub. Söhbət təkcə neft və qazdan getmir, həmçinin Böyük Britaniya beynəlxalq nüfuzlu ölkə kimi siyasi və iqtisadi təsir imkanlarına da malikdir. Bu səbəbdən həmin ölkə ilə əməkdaşlıq Azərbaycan üçün strateji əhəmiyyət daşıyır”.


İqtisadçı, eyni zamanda Böyük Britaniyanın azad edilmiş ərazilərdə həyata keçirdiyi günəş enerjisi layihələrinə də toxunub:


“BP-nin Cəbrayılda həyata keçirdiyi günəş elektrik stansiyası layihəsi xüsusilə önəmlidir. Bu layihə SOCAR-la birgə tərəfdaşlıq şəklində reallaşdırılır. Məqsəd təkcə işğaldan azad olunmuş əraziləri elektrik enerjisi ilə təmin etmək deyil, həm də gələcəkdə Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan üzərindən Türkiyə və oradan Avropaya elektrik ixracını təmin etməkdir. Yəni söhbət regional enerji mərkəzi yaratmaqdan gedir”.


Sonda Kərimli bildirib ki, Böyük Britaniyanın Azərbaycanın enerji keçidində və yeni texnoloji layihələrdə iştirakı bu əlaqələri daha da möhkəmləndirəcək:

“BP artıq Azərbaycanda təkcə neft və qazla deyil, alternativ enerji ilə də maraqlanır. Bu, həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycanın əlini gücləndirir. Böyük Britaniya ilə tərəfdaşlıq gələcək layihələrin uğurla həyata keçirilməsinə şərait yaradır”.


Solmaz Muradova