Azərbaycan Şimali Makedoniya ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib

Bölmə: İqtisadiyyat › ,
Tarix: 16:00 20.06.2025

Azərbaycan və Şimali Makedoniya arasında enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib. Bu müzakirələr Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Şimali Makedoniya Assambleyasının sədri Afrim Qaşinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə aparılıb.

 

Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, xüsusilə enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi imkanları müzakirə olunub. Son illərdə Azərbaycanla Şimali Makedoniya arasında siyasi və iqtisadi əlaqələrin, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişaf etdiyi vurğulanıb.

 

Bu məsələ ilə bağlı iqtisadi ekspert Zəfər Vəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Avropanın enerji mənbələrinin şaxələndirilməsi və Rusiya qazından asılılığının azaldılması səylərini dəstəkləyən REPowerEU planına uyğundur:

 

“2022-ci ilin iyulunda Azərbaycan və Avropa İttifaqı arasında 15 illik enerji sektorunda strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. İmzalanmış sənəd, 2006-cı ildə imzalanmış əvvəlki strateji tərəfdaşlıq sazişindən və 2011-ci ildə imzalanmış Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamədən sonra ən ciddi sənəddir.

2022-ci ilin iyul ayında imzalanmış Memoranduma Cənub Qaz Dəhlizinin imkanlarının genişləndirilməsi və Aİ ölkələrinə qaz tədarükü həcmini 20 milyard kubmetrə çatdırmaq öhdəlikləri daxildir. Bu təşəbbüs Avropanın enerji mənbələrinin şaxələndirilməsi və Rusiya qazından asılılığın azaldılması səylərini dəstəkləyən REPowerEU planına uyğundur.

 

2024-cü ilin noyabrında Şimali Makedoniyanın ESM şirkəti və SOCAR arasında Balkan ölkəsində enerji sabitliyinin artırılmasına yönəlmiş Anlaşma Memorandumu imzalandı. Razılaşmaya Şimali Makedoniyanın təbii qaza çıxışının yaxşılaşdırılması və rəqabətqabiliyyətli qiymətlərlə sabit təchizatı təmin etmək üçün təchizat variantlarının genişləndirilməsi məsələsi daxildir.

 

Hazırda Avropanın enerji təhlükəsizliyi ilə bağlı Azərbaycanın həyata keçirdiyi enerji siyasəti iki sahəni əhatə edir:

 

Cənub Qaz Dəhlizi vasitəsilə Avropa ölkələrinə qaz tədarükünün artırılması;

 

Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin Avropa bazarlarına nəqli.

 

Hər iki prioritet sahədə əməkdaşlıq etdiyimiz dövlətlərdən biri də Şimali Makedoniyadır". 

 

Xədicə Məhərrəmli